Yusif Ələkbərov: “Peşəkar jurnalist yoxdursa, peşəkar jurnalistika da yoxdur”
Yusif Ələkbərov: “Peşəkar jurnalist yoxdursa, peşəkar jurnalistika da yoxdur”Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində ömrünün 50 ilini bu sahəyə həsr etmiş tanınmış jurnalist, “Qızıl Qələm” media mükafatı laureatı, Azərbaycan Jurnalistlər İttifaqı və Yazıçılar Birliyinin üzvü, 20-dən çox kitabın müəllifi, 100-dən artıq kitabın redaktoru Yusif Ələkbərovla həmsöhbət olduq.

Milli mətbuatın tarixinə peşəkar baxış
Azərbaycan mətbuatı zəngin və şərəfli bir inkişaf yolu keçib. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın təməlini qoydu. Sovet dövründə mətbuatın sərbəst olmamasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində peşəkar jurnalistlər yetişdi, ali təhsil müəssisələrində jurnalistika sahəsinə xüsusi önəm verildi. O dövrdə mətbuatın ideoloji çərçivələrlə məhdudlaşdırılmasına rəğmən, maddi-texniki baza möhkəmləndirildi, bu da müstəqillik illərində jurnalistikanın inkişafı üçün mühüm əsas yaratdı.

Yusif Ələkbərov – Peşəsini həyatına çevirən qələm adamı
Yusif Ələkbərov jurnalistikaya 1980-ci ildə qədəm qoyub. O, 1992-ci ilə qədər “Mingəçevir işıqları” qəzetində müxtəlif vəzifələrdə – korrektordan məsul katibədək çalışıb. Həmin ildən etibarən isə respublika miqyasında tanınan “Azərbaycan işıqları” qəzetində jurnalist fəaliyyətini davam etdirib.
Onun sözlərinə görə, jurnalistika yalnız yazmaq deyil, həm də yaşamaq, hiss etmək, cəmiyyətin içində olmaq deməkdir. “Peşəkar jurnalist yoxdursa, peşəkar jurnalistika da ola bilməz,” – deyən Ələkbərov, jurnalist peşəsinə olan dərin sevgi və məsuliyyət hissini illərdir qoruyub saxlayır.

Mingəçevirin tarixini yazan qələm
Yusif müəllimlə söhbət zamanı o, Mingəçevirlə bağlı xatirələrini də bölüşdü. Xüsusilə 1983-cü ildə şəhərin 35 illik yubileyinin böyük təntənə ilə qeyd olunmasını xatırlayır:
“O zaman şəhərin ilk qurucularının əksəriyyəti sağ idi və yubiley tədbirinə dəvət olunmuşdular. Mən də ‘Mingəçevir işıqları’ qəzetinin məsul katibi kimi tədbirdə iştirak edirdim. Orada şəhərin memarı İslam İslamzadə, Sosialist Əmək Qəhrəmanları Sarvan Salmanov və Maniya Kərimova ilə tanış olmaq mənim üçün böyük şərəf idi.”
2013-cü ildə şəhərin 65 illiyi münasibətilə “Xoşbəxt taleli şəhər” adlı 500 səhifəlik kitab qələmə alıb. Kitabda Mingəçevirə dair yazılar, publisistik qeydlər və şəhərə gələn tanınmış qonaqlarla müsahibələr toplanıb.
Əsərləri və ədəbi fəaliyyəti
Yusif Ələkbərov bu günədək 20-dən çox kitabın müəllifidir. Onun qələmindən çıxan əsərlər arasında aşağıdakı adlar xüsusilə diqqət çəkir:
“Şubay Lətifələri” – tanınmış pedaqoq Şubay Ağamirovun həyatından və deyimlərindən bəhs edir;
“Mümkünlüyün xaricində” – Azərbaycanı beynəlxalq aləmdə tanıdan qəhrəmanlarımızın həyat yolunu əks etdirir;
“Mingəçevirə bağlı ömür” – 90 yaşlı Ağagül Əliyevin həyat hekayəsindən bəhs edir;
“Azərbaycan İES: Dünəndən bu günə”, “Taleyimdən keçən yazılar”, “Ömrümün payız notları”, “Məni kim ağlar” – həyat, ictimai proseslər və fərdi taleləri əks etdirən publisistik əsərlərdir.
Əlavə olaraq, Ələkbərov 100-ə yaxın kitaba ön söz yazıb, 100-dən çox kitabın redaktoru olub. Onun yaradıcılığı həm sənədli, həm də bədii janrlarda özünü göstərir.
Unikal tarixi fakt: Şəhərdən əvvəl qəzet
Yusif müəllim maraqlı bir hadisəni də paylaşdı:
“Mingəçevir hələ şəhər statusu almamışdan öncə – 1948-ci il fevralın 15-də tikinti proseslərini işıqlandırmaq üçün ‘Mingəçevir işıqları’ adlı qəzet nəşrə başladı. Bu qəzetin ilk nömrəsindən cəmi 6 ay sonra – noyabrın 11-də Mingəçevirə şəhər statusu verildi. Yəni şəhər olmadan qəzet çıxırdı – bu fakt dünya mətbuat tarixində nadir hallardandır.”
Həyat və fəaliyyət yolu
Yusif Mirbağır oğlu Ələkbərov 14 avqust 1955-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Mehmandar kəndindəndir. 1972-ci ildə Kürdəmir şəhər 1 saylı orta məktəbini bitirib, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb.
1980-ci ildən bəri peşəkar şəkildə mətbuat və ədəbiyyat sahəsində fəaliyyət göstərən Ələkbərov bu gün də yazıb-yaratmaqda davam edir:
“Nə qədər ki, əlim qələm tutur, gözüm oxuyur – yazacağam,” – deyə Yusif müəllim bildirir.
Müəllif: Esmira Hidayətova, Mingəçevir