Mingəçevirdə şəhid anasının 2 500 manatlıq ümidləri necə puç oldu?
“Mənəvi deyil, maddi istismar” – Mingəçevirdə şəhid anasının 2 500 manatlıq ümidləri necə puç oldu?
Birinci Qarabağ müharibəsində şəhid olmuş Rövşən Məmmədovun anası, Mingəçevir şəhər sakini Elza Məmmədova xeberler.info saytına müraciət edərək ciddi iddialar səsləndirib. O bildirir ki, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin Mingəçevir şöbəsinin sədri İranə Həsənova və Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin keçmiş müdiri Mahir Əliyev onu mənzil növbəsinə salmaq vədilə aldadaraq ümumilikdə 2 500 manat pulunu alıblar.
Elza Məmmədovanın sözlərinə görə, o, güzəştli mənzil növbəsinə düşmək ümidi ilə əvvəlcə İranə Həsənovaya 500 manat, daha sonra isə Mahir Əliyevə 2 000 manat pul verib. Mahir Əliyev həmin dövrdə icra hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu ilin mart ayının 13-də yaş həddinə görə təqaüdə göndərilib.
“Şəhid ailələrinə və qazilərə evlər paylananda başa düşdüm ki, məni sadəcə aldadıblar. Nə mənzil növbəsinə salınmışam, nə də vədlərin heç biri yerinə yetirilib. Bu gün də pullarım geri qaytarılmayıb”, – deyə şəhid anası qeyd edir.
O, yaşadığı haqsızlığın ictimailəşdirilməsini və bu səsin ölkə başçısına çatdırılmasını istəyir:
“Əgər şəhid anasına belə rəva görülürsə, bəs biz hara və kimə ümid edək? Mən bu məsələnin araşdırılmasını və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını istəyirəm.”
Qeyd edək ki, Elza Məmmədova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmək niyyətində olduğunu bildirib.
xeberler.info olaraq şəhid anasının müraciətini ictimailəşdirir və aidiyyəti qurumları bu iddiaları araşdırmağa çağırırıq.