Xarici qonaqlar Mingəçevirə heyran qaldı: “Bu şəhəri çox sevdik

0
InShot_20250725_212127054

Bozdağın ətəyində yerləşən Mingəçevir təkcə Azərbaycanın enerji mərkəzi kimi deyil, həm də abadlığı, yaşıllığı və insanlarının qonaqpərvərliyi ilə seçilən şəhərdir. Son illərdə aparılan geniş abadlıq-quruculuq işləri nəticəsində şəhərin infrastrukturu tamamilə yenilənib, müasir memarlıq üslubunda tikilən binalar, yeni asfalt örtüklü yollar, səliqəli park və xiyabanlar Mingəçevirin simasını dəyişib.

Bu gözəlliklər yalnız yerli sakinlərin deyil, şəhərə səfər edən xarici qonaqların da diqqətini çəkir. Son günlərdə Mingəçevirdə çalışan və yaşayan iki xarici vətəndaş – Türkiyə vətəndaşı, həkim Sarvan Oral və onun İndoneziya əsilli həyat yoldaşı şəhər haqqında yüksək fikirlərini bölüşüblər.

Hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 24 saat fəaliyyət göstərən laboratoriyasında çalışan həkim Sarvan Oral bildirir ki, Türkiyədən gətirilmiş tam avtomatlaşdırılmış biokimyəvi, hematoloji, immunoloji və digər sistemlərlə təchiz olunmuş avadanlıqlar laboratoriyada yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan yaradır.

“İndiyədək vətəndaşlar keyfiyyətli laborator müayinələr üçün xarici ölkələrə və ya paytaxtdakı özəl klinikalara üz tuturdular. Amma indi burada – Mingəçevirdə – tam müasir avadanlıqla təmin olunmuş laboratoriya fəaliyyət göstərir. Eyni səviyyədə tibbi xidmət almaq mümkündür. Biz həm də yerli labarantlara təcrübəmizi öyrədir, sistemin düzgün işləməsini təmin edirik,” – deyə həkim Sarvan Oral vurğulayıb.

 

Qonaqlar artıq bir ildir ki, Mingəçevirdə yaşayırlar və şəhər onlarda çox müsbət təəssüratlar yaradıb. Onların sözlərinə görə, şəhərin yaşıllığı və ekoloji təmizliyi ən çox diqqətlərini cəlb edən məqamlardandır:

“Düzdür, iqlimi bir az istidir, amma havası çox təmizdir. Şəhər küçələri mütəmadi olaraq süpürülür və xüsusi su maşınları ilə yuyulur. Küçələrdə məişət tullantılarına rast gəlmirik. Hər yerdə səliqəli şəkildə zibil qabları yerləşdirilib. Ən əsası isə burada insanlar çox mehribandır. Kiminsə bir-biri ilə kobud davrandığını görmürük. Hər kəs səmimi və istiqanlıdır,” – deyə onlar bildiriblər.

Onlar Mingəçevirdə özlərini tamamilə təhlükəsiz və rahat hiss etdiklərini, bu şəhərin onlarda doğmalıq hissi oyatdığını qeyd edirlər.

“Biz bu şəhəri çox sevdik,” – deyə xarici qonaqlar fikirlərini tamamlayıblar.

 

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir