Mingəçevirin Mərkəzi Kitabxanası bərbad vəziyyətdə: Tavan çökür, divarlar dağılır, kitablar toz içində

0
InShot_20250730_174028516

Mingəçevir şəhərində yerləşən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası acınacaqlı vəziyyətdə fəaliyyətini davam etdirir. Nigar Rəfibəyli küçəsində yerləşən kitabxananın görüntüsü mədəniyyət ocağından çox, baxımsız bir anbarı xatırladır.

Məlumatlı mənbənin verdiyi xəbərə görə, kitabxananın tavan və divar hissələri ciddi şəkildə dağılmış vəziyyətdədir. Kitab rəflərinin arxasında olan divarların suvaqları qopub tökülüb, bəzi yerlərdə isə nəm və kif izləri açıq-aşkar görünür. Xüsusilə də yağışlı havalarda tavandan su damcıladığı bildirilir.

Daha diqqət çəkən məqamlardan biri isə dağılan divarlarda ölkənin siyasi rəhbərlərinin – Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərinin asılmış olmasıdır. Bu görüntü həm estetik, həm də etik baxımdan ziddiyyətli bir təəssürat yaradır.

Mənbənin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara – o cümlədən Mədəniyyət Nazirliyinə müraciət edilsə də, hələlik heç bir ciddi tədbir görülməyib. Halbuki, kitabxana şəhər əhalisinin istifadəsində olan əsas mədəniyyət ocaqlarından biri hesab olunur.

 

Kitabxanada yerləşən inventarların, masa və stulların da toz içində olduğu bildirilir. Hətta bəzən kitabları oxumaq üçün götürmək istəyən oxucular belə toz və küf iyindən şikayət edirlər. İşçilərin özləri də bu şəraitdə işləməyin çətin olduğunu, lakin təmir işlərinin onların səlahiyyətinə daxil olmadığını bildiriblər.

Qeyd edək ki, Mingəçevir Mərkəzi Kitabxanası uzun illərdir fəaliyyət göstərir və minlərlə kitab fonduna malikdir. Lakin mövcud şərait onun istifadəyə tam yararsız hala düşdüyünü göstərir.

Mingəçevir sakinləri və kitabsevərlər məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən və şəhər rəhbərliyindən dərhal tədbir görülməsini tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir