Avropa çempionu Abbasəli Məmmədli Mingəçevirdə təntənəli şəkildə qarşılandı
Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa birinciliyində uğur qazanan Mingəçevirli yeniyetmə boksçu Abbasəli Məmmədli doğma şəhərində təntənəli şəkildə qarşılanıb.

Azərbaycan millisinin tərkibində çıxış edən və 48 kq çəki dərəcəsində yarışan Abbasəli Məmmədli yarımfinal mərhələsində erməni idmançını məğlub edərək qızıl medal qazanıb və finalda iştirak hüququ əldə edib. Uğurlu çıxışına görə Abbasəliyə doğma şəhərində qarşılanma mərasimi təşkil olunub.

Mərasimdə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli çıxış edərək idmançını və onun məşqçisi Fazil Ruşanovu təbrik edib, onların zəhmətini yüksək qiymətləndirib. O, eyni zamanda Abbasəlinin uğurunda əməyi keçən müəllimlərə və valideynlərinə də təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əliyev icra başçısı İlham İsmayılovun adından idmançını təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb. YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və məşqçi Fazil Ruşanov da çıxış edərək Abbasəli Məmmədlini qazandığı uğura görə təqdir ediblər.

Qeyd edək ki, Abbasəli Məmmədli Mingəçevir Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Hazırda 8 saylı məktəbin 8-ci sinif şagirdidir.
Bundan başqa, məşqçi Fazil Ruşanovun digər yetirmələri — Əli Ruşanov və İbrahim Bədəlli də MDB oyunlarında Azərbaycanı təmsil edəcəklər. Onlar avqustun 4-də Çin Xalq Respublikasına yola düşəcəklər.
Tədbirin sonunda Abbasəlinin uğurunu qeyd etmək üçün xüsusi tort kəsilib.
Esmira Hidayətova, Mingəçevir