Ağ Ev sahibi Donald Tramp ABŞ-ın geopolitik xəritəsini yenidən çəkməyə çalışır. Onun bu istiqamətdə qurduğu yeni planlar Venesuelanı ABŞ-ın “51-ci ştat”ına və Qrenlandiyanı növbəti hədəfə çevrilmək, eləcə də, Kubanı isə hərbi əməliyyatlara məruz qalmaq təhlükəsi ilə üzləşdirməyə başlayıb. Və bu baxımdan, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq savaşından sonra da hərbi xarakterli ssenariləridən imtina etməyəcəyini düşünmək olar.
Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın son ardıcıl siyasi mesajları Ağ Evin yalnız ənənəvi diplomatik alətlərlə kifayətlənmək niyyətində olmadığını göstərir. Çünki Ağ Ev sahibi bir tərəfdən Venesuelanı ABŞ-ın “51-ci ştatı” kimi əks etdirən xəritəni paylaşıb. Və digər tərəfdən isə yenidən Danimarkaya məxsus Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi ilə bağlı növbəti dəfə iddialı bəyanat verib.
Eyni zamanda, bütün bunlara paralel olaraq, ABŞ mediasında Kubaya qarşı mümkün hərbi əməliyyat ssenarilərinin müzakirəyə çıxarılması da qətiyyən təsadüfi iddialar kimi görünmür. Belə ki, bütün bunların ardıcıllığı ümumilikdə ABŞ-ın planetin qərb yarımkürəsində və Arktikada geopolitik üstünlüyü ələ keçirməyə can atdığını biruzə verir. Və bu baxımdan, Tramp administrasiyasının qurduğu hərbi-siyasi ssenarilərin əsas geopolitik konturlarını müəyyən etmək hazırda o qədər də çətin deyil.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın “Truth” platformasında paylaşdığı xəritə hələlik hüquqi sənəd və ya rəsmi dövlət qərarı deyil. Ancaq Ağ Ev sahibinin bu paylaşımının siyasi mesaj yükü kifayət qədər böyükdür. Çünki ABŞ prezidentinin Venesuelanı simvolik şəkildə “51-ci ştat” kimi təqdim etməsi Ağ Evin Latın Amerikasında öz təsir imkanlarını nümayiş etdirmək cəhdi kimi şərh olunur. Yəni, bu, həm ölkədaxili auditoriyaya ünvanlanan güc nümayişi, həm də region ölkələrinə və ABŞ-ın geopolitik rəqiblərinə göndərilən siyasi mesaj təsiri bağışlayır.
Eyni zamanda, prezident Donald Trampın hüquqi cəhətdən Danimarkaya məxsus olan Qrenlandiya ilə bağlı növbəti yolverilməz açıqlaması isə diqqəti yenidən Arktikaya və Avropaya yönəldir. Belə ki, Ağ Ev sahibi öz prezidentlik müddəti başa çatana qədər ABŞ-ın Qrenlandiya üzərində tam nəzarəti təmin edəcəyinə inandığını bildirib. Və Avropa Birliyinə üzv bir ölkənin sahibi olduğu bu strateji adanın ABŞ-ın milli təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Halbuki, prezident Donald Trampın bundan öncə verdiyi analoji məzmunlu açıqlamalara cavab olaraq, həm Danimarka hökuməti, həm də Qrenlandiyanın yerli hakimiyyəti belə ehtimalları dəfələrlə qətiyyətlə rədd edib. Bu səbəbdən də, Ağ Ev sahibi Donald Trampın Qrenlandiyaya yönəlik iddiaları yaxın perspektivdə beynəlxalq hüquq normaları çərçivəsində reallaşa biləcək plan kimi görünmür. Və ona görə də, bu, indiki halda, daha çox Ağ Evin Arktika uğrunda geopolitik savaşda geri çəkilmək niyyətində olmadığını göstərən siyasi mesaj kimi qiymətləndirilə bilər.

Bütün bunlar onu göstərir ki, Arktika artıq XXI əsrin ən önəmli və vazkeçilməz strateji məkanlarından birinə çevrilməyə başlayıb. Yeni dəniz marşrutları, zəngin enerji və mineral ehtiyatları, eləcə də hərbi-strateji logistika imkanları bu regionu ABŞ, Rusiya və Çin arasında qlobal qarşıdurmanın əsas poliqonlarından birinə çevirməkdədir. Ona görə də, hazırda Qrenlandiya yalnız coğrafi ada deyil, həm də gələcək qlobal güc balansına ciddi şəkildə təsir edə biləcək strateji platforma hesab olunur.
Digər tərəfdən, “CBS News”un ABŞ rəsmilərinə istinadən yaydığı yeni məlumatlar Karib hövzəsində də yeni təhlükəsizlik problemlərini ortaya çıxarıb. Belə ki, həmin məlumatlara görə, Pentaqon hazırda ABŞ-ın Kubaya qarşı mümkün hərbi əməliyyat ssenarilərini müzakirə etməyə başlayıb. Eyni zamanda, müzakirələr başlamış olsa da, Kubaya qarşı hərbi əməliyyatın həyata keçirilməsi barədə yekun siyasi qərarın hələlik verilmədiyi də xüsusi olaraq, vurğulanır.
Təbii ki, belə məlumatların qlobal gündəmə çıxarılması bəzən sadəcə, hərbi planlaşdırmanın deyil, həm də siyasi-psixoloji təzyiq strategiyasının da tərkib hissəsi kimi qiymətləndirilir. Yəni, potensial ssenarilərin açıq müzakirəsi qlobal rəqiblərə xəbərdarlıq mesajı vermək, müttəfiqlərə isə Ağ Evin müxtəlif variantları nəzərdən keçirdiyini göstərmək məqsədi də daşımış ola bilər. Və bu baxımdan, yayılmış məlumatlar hələlik Kubaya qarşı hərbi əməliyyatların mütləq qaçılmaz olduğu anlamına da gəlmir.
Qərb siyasi dairələrinin qənaətinə görə, diqqəti çəkən əsas məqam odur ki, Venesuela, Qrenlandiya və Kuba ilə bağlı mesajlar fərqli regionlara aiddir. Ancaq onları birləşdirən önəmli ortaq xətt ABŞ-ın öz strateji maraqlarını daha sərt təhdidlər ilə müdafiə etmək istəyidir. Çünki Ağ Evin milli təhlükəsizlik konsepsiyasında Arktika, Karib hövzəsi və Latın Amerikası uzun illərdir ki, prioritet strateji hədəflər sırasında yer tutur. Bu baxımdan, prezident Donald Trampın son açıqlamaları da həmin hədəflərin artıq daha açıq və nümayişkaranə formada təqdim edildiyini göstərir.

Onu nəzərə almaq lazımdır ki, Ağ Ev sahibinin təhdidkar siyasi mesajları ilə beynəlxalq hüquq və geopolitik reallıqlar arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, Qrenlandiya Avropa Birliyinin üzvü olan Danimarkanın tərkibində muxtar ərazidir. Və ona görə də, bu strateji adanın statusu yalnız beynəlxalq hüquq normaları çərçivəsində müəyyən edilə bilər.
Digər tərəfdən, Venesuela da BMT-nin üzvü olan suveren dövlətdir. Ona görə də, Ağ Ev sahibinin bu ölkə barəsində işlətdiyi “51-ci ştat” ifadəsi indiki halda, yalnız simvolik məna daşıya bilər. Kuba ilə bağlı mümkün hərbi əməliyyatlar isə yalnız Tramp administrasiyasının qərarından asılı deyil. Çünki Kubaya qarşı hərbi müdaxilənin ediləcəyi təqdirdə, ABŞ-ın beynəlxalq hüquq normaları, regional təhlükəsizlik balansının diqtə etdiyi önəmli faktorlar və sərt qlobal siyasi reaksiyalar ilə üzləşməsi də qaçılmaz olacaq.
Bütün bunlardan belə anlaşılır ki, prezident Donald Trampın son açıqlamaları hazırda daha çox ABŞ-ın yeni geopolitik ambisiyalarını mümkün qədər ön plana çəkmək istəyindən qaynaqlanır. Ona görə də, artıq indidən aydındır ki, ABŞ Arktikadan Karib hövzəsinə, Latın Amerikasından qlobal güc balansına təkbaşına nəzarət olunmasına qədər uzanan çoxvektorlu strateji hədəflərə malikdir. Və Ağ Evin bu hədəfləri beynəlxalq münasibətlər sistemində növbəti gərginlik mərhələsinin əsas katalizatoruna da çevrilə bilər
