15 may – Beynəlxalq Ailə Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova nümunəvi ailələri ziyarət edib.

Ziyarət olunan ailələrdən biri Mingəçevir şəhərinin tanınmış ziyalı ailələrindən olan Gültəkin Quliyeva və həyat yoldaşı, hərbi müəllim Vüqar müəllimin ailəsi olub. Hazırda təqaüddə olan cütlük uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq gənc nəslin yetişməsində mühüm rol oynayıblar.

1989-cu ildə ailə həyatı quran Gültəkin xanım və Vüqar müəllim bu gün də bir-birilərinə qarşı göstərdikləri hörmət, diqqət və səmimi münasibətlə ətrafdakılara örnək olurlar. Mehriban cütlük bizimlə söhbət zamanı ailə həyatlarının unudulmaz xatirələrindən, ilk sevgi etiraflarından və uzunömürlü ailənin sirrindən danışıblar.

37 illik ailə həyatından bəhs edən cütlük bildirib ki, ailənin möhkəm təməli qarşılıqlı hörmət və anlayış üzərində qurulur:
“Uzunömürlü ailənin sirri mehribanlıqdır. Ailədə qadınla kişi arasında hörmət olduğu zaman o ailənin təməli də möhkəm olur. Tərbiyə isə ailənin ən əsas sütunudur.”

Görüş zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova ailələri Beynəlxalq Ailə Günü münasibətilə təbrik edib, onlara gül buketi təqdim edib.
Esmira Hidayətova, Mingəçevir
