Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova nümunəvi ailənin qonağı olub. Görüş Mingəçevirin tanınmış ziyalılarından biri — Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mayıl İsmayılovun ailəsində keçirilib.

80 illik yubileyini qeyd edən Mayıl müəllim və həyat yoldaşı Mələknisə xanım eyni zamanda ailə həyatlarının 50 illiyini də böyük sevinc və qürur hissi ilə qarşılayırlar. Həyat yoldaşı, sirdaşı, iş yoldaşı və həmkarı olan Mələknisə xanımla düz yarım əsrdir mehriban və xoşbəxt ömür sürən cütlük ətrafdakı hər kəs üçün nümunədir.

Onların Aysel və Günel adlı iki qızı var. Hər iki övlad bu gün həkim kimi insanların sağlamlığının keşiyində dayanır. Mayıl müəllim və Mələknisə xanım eyni zamanda 5 nəvənin qayğıkeş baba və nənəsidirlər.

Mayıl İsmayılov kimi ziyalı bir insan haqqında yazmaq asan deyil. Onun keçdiyi zəngin və mənalı həyat yolu, təhsilimizin inkişafına verdiyi töhfələr, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər haqqında nə qədər yazılsa da, yenə azdır.

 

Səmimi görüş zamanı Mayıl müəllim və Mələknisə xanım 50 illik birgə ömür yolunun xatirələrini böyük həvəslə bölüşüblər. Onlar uşaqlıq illərindən, valideynlərindən, elmə və təhsilə olan sevgilərindən, tələbəlik illərindən və uğurlu ailə həyatlarından danışaraq illər öncəyə xəyalən səyahət ediblər.

Mayıl müəllim həyat yolunu bir tarixçi dəqiqliyi ilə danışarkən tez-tez həyat yoldaşına baxaraq “Bəlkə də bacarmazdım”, “Çətin olardı…” deyə vurğulayıb. Onun baxışlarından isə bir həqiqət aydın hiss olunurdu: “Sən olmasaydın…”

 

Görünən odur ki, Mayıl müəllim həyatın çətin və keşməkeşli yollarında hər zaman yanında olan vəfalı ömür-gün yoldaşının haqqını heç zaman unutmur. Hətta zarafatla “Görün bu əlli ildə mən nələr çəkmişəm” deməsi də ailədəki sevgi, səmimiyyət və qarşılıqlı hörmətin ən gözəl nümunəsi idi.

Belə mehriban və sevgi dolu ailə ocağından ayrılmaq çətin olsa da, həmin xoş anların şahidi olmaq hər kəsdə dərin təəssürat yaradıb.

Qeyd edək ki, Mayıl İsmayılovu uzun illər Mingəçevir Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru kimi tanıyırıq. Bu gün liseyin uğurlu fəaliyyətini davam etdirən hazırkı direktor Aidə müəllim də həmkarlarını yubileyləri münasibətilə təbrik edərək onların qonağı olub.

Esmira Hidayətova, Mingəçevir