Mingəçevirdə sakinlərin problemləri dinlənildi — təhsil sahəsindəki vəziyyətlə bağlı ciddi suallar

InShot_20260911_110841853

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü sentyabrın 10-da Energetiklər yaşayış massivində keçirilib.

Görüş Natavan küçəsində yerləşən 30/3 nömrəli binanın qarşısında baş tutub. Səyyar qəbulda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin sədri, idarə və müəssisələrin rəhbərləri, sakinlər və media nümayəndələri iştirak ediblər.

Görüşü açan şəhər rəhbəri İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla keçirilən səyyar görüşlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu cür görüşlərin əsas məqsədi sakinlərin qarşılaşdıqları problemləri birbaşa dinləmək, onları yerində araşdırmaq və aidiyyəti qurumların qarşısında konkret vəzifələr müəyyənləşdirməkdir.

İcra başçısı çıxışında dövlət başçısının regionlara, o cümlədən Mingəçevirə göstərdiyi diqqət və qayğıdan söz açıb. Şəhərdə son dövrlərdə həyata keçirilən abadlıq və quruculuq layihələri, məhəllələrin, park və xiyabanların yenilənməsi, küçələrin abadlaşdırılması, müasir işıqlandırma sistemlərinin quraşdırılması və şəhər infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Bununla yanaşı, əhalinin məşğulluğunun təmin olunması, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib.

Sakinlər problemləri açıq şəkildə səsləndirdilər

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Çıxış edən vətəndaşlar şəhərdə görülən abadlıq və quruculuq işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etməklə yanaşı, gündəlik həyatlarına birbaşa təsir edən problemləri də diqqətə çatdırıblar.

Sakinlərin müraciətləri arasında ictimai nəqliyyatın təşkili ilə bağlı çətinliklər, bəzi ərazilərdə asfalt örtüyünün yararsız vəziyyətdə olması, sahibsiz itlərlə bağlı problem, kanalizasiya xəttinin birləşdirilməsi, yaşayış binalarının dam örtüklərinin təmiri və digər məsələlər yer alıb.

Bundan başqa, 8 nömrəli tam orta məktəbin hasarının dağılması ilə bağlı məsələ də səsləndirilib. Məktəb ərazisinin təhlükəsizliyi və təhsil müəssisəsinin ətrafında lazımi şəraitin yaradılması ilə bağlı vəziyyətin diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Təhsil sahəsində səslənən məsələ: niyə problem yaranandan sonra tədbir görülməlidir?

Səyyar görüşdə təhsil müəssisəsi ilə bağlı səsləndirilən məsələ xüsusilə diqqət çəkib. Şəhərdə məktəblərin yalnız tədris prosesi ilə deyil, həm də təhlükəsizlik, infrastruktur və şagirdlərin sağlam mühitdə təhsil alması baxımından tam hazır vəziyyətdə olması gözlənilir.

Məktəbin hasarının dağılması kimi məsələ isə sadəcə təsərrüfat problemi kimi qiymətləndirilməməlidir. Təhsil müəssisəsinin ərazisinin təhlükəsizliyi, şagirdlərin və müəllimlərin qorunması birbaşa məsuliyyət məsələsidir. Belə problemlərin uzun müddət gözləmədən, vətəndaş müraciətinə və ya səyyar görüşə ehtiyac yaranmadan əvvəl aidiyyəti qurumlar tərəfindən müəyyənləşdirilməsi və aradan qaldırılması daha məqsədəuyğun olardı.

Burada əsas sual ortaya çıxır: məktəbin hasarının hansı vəziyyətdə olduğu niyə əvvəlcədən müəyyən edilməyib və problemin həlli üçün niyə sakinlərin müraciətinə ehtiyac yaranıb?

Təhsil müəssisələrinin maddi-texniki vəziyyətinə nəzarət yalnız hesabatlarda və rəsmi məlumatlarda deyil, real həyatda da özünü göstərməlidir. Məktəblərdə təhlükəsizlik və infrastrukturla bağlı çatışmazlıqların vaxtında aşkarlanması, məsul şəxslərin məsələyə operativ münasibət göstərməsi və problemlərin böyümədən həll edilməsi vacibdir.

Bu baxımdan, səyyar görüşdə təhsil sahəsi ilə bağlı səsləndirilən məsələ aidiyyəti qurumlar üçün ciddi siqnal kimi qiymətləndirilə bilər. Çünki məktəb hasarı kimi ilk baxışdan sadə görünən problem vaxtında həll edilmədikdə həm təhlükəsizlik, həm də təhsil mühitinin keyfiyyəti baxımından daha ciddi nəticələrə səbəb ola bilər.

İcra başçısı məsul şəxslərə tapşırıq verdi

Sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri hər bir məsələ üzrə aidiyyəti müəssisə rəhbərlərinin məlumatlarını da dinləyib.

İlham İsmayılov problemlərin yalnız dinlənilməsi ilə kifayətlənməməyi, onların yerində araşdırılmasını və mümkün qədər qısa müddətdə həll edilməsini tapşırıb. Aidiyyəti şəxslərə ərazilərə yerində baxış keçirmək, sakinlərin qaldırdığı məsələləri araşdırmaq və nəticə barədə müvafiq tədbirlər görmək tapşırılıb.

Səyyar görüşün əsas mesajlarından biri də vətəndaş müraciətlərinə formal yanaşmanın yolverilməz olmasıdır. Sakinlərin gündəlik həyatına təsir edən hər bir problem vaxtında araşdırılmalı, məsul qurum müəyyən edilməli və nəticəsi barədə vətəndaşa məlumat verilməlidir.

Görüş zamanı səsləndirilən məsələlərin icrası isə bundan sonra aidiyyəti qurumların üzərinə düşən əsas vəzifələrdən biridir. Xüsusilə təhsil müəssisəsinin hasarı ilə bağlı problemin nə qədər müddətə və hansı formada aradan qaldırılacağı sakinlərin diqqətində olacaq.

Çünki səyyar görüşlərin əhəmiyyəti yalnız vətəndaşların dinlənilməsində deyil, səsləndirilən problemlərin real olaraq həll edilməsindədir.

Esmira Hidayətova, Mingəçevir