Mingəçevir şəhərində Müqəddəs Qurban Bayramı münasibətilə geniş tədbir təşkil olunub. Hər il olduğu kimi, bu il də bayram tədbiri Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirilib. Bayram günü milli-mənəvi dəyərlərimizin, xeyirxahlıq və paylaşma ənənələrinin yaşadıldığı əlamətdar gün kimi yadda qalıb.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayov icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov və bələdiyyə üzvləri, şəhid ailələri, qazilər, ictimai təşkilatların rəhbər və nümayəndələri, media təmsilçiləri iştirak ediblər. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının nümayəndələri, Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları və Mingəçevir şəhər Heydər məscidinin imamı İlham Səmədov da tədbirə qatılıblar.

Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. O, çıxışında Qurban Bayramının insanları birliyə, mərhəmətə və yardımlaşmağa çağıran müqəddəs bayram olduğunu vurğulayaraq milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyindən danışıb.

Bayram tədbiri çərçivəsində icra başçısı ictimaiyyət nümayəndələri ilə görüş keçirərək onların çoxsaylı suallarını cavablandırıb, şəhərin sosial həyatı və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparıb. Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb və səmimi müzakirələrlə yadda qalıb.

Milli adət-ənənələrimizə uyğun olaraq Qurban Bayramı günü qurbanlıq heyvanların kəsimi həyata keçirilib. Təşkil olunan xeyriyyə aksiyası çərçivəsində 500 nəfərə yaxın şəhid ailəsinə, müharibə əlillərinə və qazi ailələrinə qurban payları çatdırılıb. Bayramın əsas mahiyyətini təşkil edən paylaşmaq və ehtiyac sahiblərinə dəstək olmaq prinsipləri tədbirin əsas istiqamətlərindən biri olub.

Bununla yanaşı, Mingəçevir Şəhər Bələdiyyəsi tərəfindən də sosial dəstəyə ehtiyacı olan ailələr diqqətdə saxlanılıb. Bələdiyyənin təşəbbüsü ilə 130 ailəyə bayram və qurban payları təqdim olunub. Sakinlər tərəfindən yüksək qiymətləndirilən bu təşəbbüs şəhərdə həmrəylik, humanizm və sosial qayğının təzahürü kimi dəyərləndirilib.

Esmira Hidayətova, Mingəçevir
