Son illərdə Azərbaycanın regionlarında ali təhsil müəssisələrinin inkişafı istiqamətində müşahidə olunan dinamika, ölkənin təhsil siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Bu inkişaf prosesində diqqət çəkən ali təhsil ocaqlarından biri də Mingəçevir Dövlət Universitetidir. Universitetin son dövrlərdə qazandığı uğurlar, həyata keçirdiyi yeniliklər, beynəlxalq əməkdaşlıq təşəbbüsləri və tələbəyönümlü idarəçilik modeli MDU-nu regionun mühüm elm və təhsil mərkəzlərindən birinə çevirməkdədir.
Mingəçevir Dövlət Universitetinin inkişaf trayektoriyasından danışarkən, ilk növbədə universitet rəhbərliyinin həyata keçirdiyi idarəçilik strategiyasını qeyd etmək lazımdır. Universitetin rektoru Anar Eminovun müasir idarəetmə bacarıqları, beynəlxalq təcrübəyə əsaslanan yanaşması və yenilikçi baxışı ali məktəbin fəaliyyətində yeni inkişaf mərhələsinin formalaşmasına mühüm töhfə verir.
Bu gün ali təhsil yalnız diplom əldə etmək vasitəsi deyil, eyni zamanda rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, innovativ düşüncə tərzinin inkişaf etdirilməsi və cəmiyyətin gələcəyinin hazırlanması missiyasını daşıyır. Məhz bu baxımdan MDU-da tətbiq olunan müasir təhsil standartları, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası və yenilikçi idarəetmə prinsipləri tələbələrin akademik bilikləri ilə yanaşı, şəxsi və peşəkar bacarıqlarının inkişafına da geniş imkanlar yaradır.
Universitetdə yaradılan müasir təhsil mühiti gənclərin potensialının üzə çıxarılmasına, elmi fəaliyyətə marağın artırılmasına və yüksəkixtisaslı kadrların hazırlanmasına birbaşa təsir göstərir. Tələbələrin elmi araşdırmalara cəlb olunması, beynəlxalq layihələrdə iştirak imkanlarının genişləndirilməsi və sosial dəstək mexanizmlərinin gücləndirilməsi MDU-nun prioritet istiqamətlərindən biri kimi diqqət çəkir.
Mingəçevir Dövlət Universitetində keçirilən beynəlxalq və respublika səviyyəli konfranslar da universitetin yüksələn nüfuzunun bariz göstəricilərindən hesab olunur. Son illərdə MDU-nun təşkil etdiyi müxtəlif elmi tədbirlərə ölkənin bir çox ali təhsil müəssisələrindən, eləcə də xarici tərəfdaş qurumlardan böyük maraq göstərilməsi universitetin akademik mühitdə artan rolunu nümayiş etdirir. Bu konfranslar yalnız elmi fikir mübadiləsi platforması deyil, həm də region universitetlərinin ölkə və beynəlxalq elm məkanına inteqrasiyası baxımından əhəmiyyətli hadisələrdir.
Xüsusilə qeyd edilməlidir ki, universitet rəhbərliyinin tələbəyönümlü siyasəti və humanist idarəçilik yanaşması MDU kollektivində sağlam və motivasiyaedici mühitin formalaşmasına səbəb olub. Tələbələrin uğurlarının təşviq olunması, onların sosial rifahının diqqətdə saxlanılması, müxtəlif təqaüd və dəstək mexanizmlərinin tətbiqi gənclərin təhsil prosesinə daha məsuliyyətli və həvəslə yanaşmasına müsbət təsir göstərir.
Yenilikçi idarəçilik baxışı ilə seçilən rektor Anar Eminovun fəaliyyəti təkcə universitet daxilində deyil, regionun sosial həyatında da diqqətlə izlənilir. Uzun illər bölgələrdə yaşayan ailələr övladlarının ali təhsil alması üçün paytaxt universitetlərinə və ya xarici ölkələrə üz tutmağa üstünlük verirdilər. Lakin son illərdə Mingəçevir Dövlət Universitetinin əldə etdiyi nailiyyətlər, təhsil keyfiyyətinin yüksəlməsi və yaradılan imkanlar gənclərin öz şəhərlərində keyfiyyətli ali təhsil almağa marağını artırıb. Bu isə həm ailələr üçün sosial baxımdan əhəmiyyətli amildir, həm də regionun intellektual potensialının yerində inkişafı baxımından mühüm göstərici hesab olunur.
Anar Eminovun təşkilatçılıq məharəti, idarəçilik xüsusiyyətləri və insan amilinə həssas yanaşması universitet kollektivində qarşılıqlı etimad və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Onun rəhbərliyi altında həyata keçirilən layihələr və strateji addımlar universitetin gələcək inkişaf hədəflərinin daha aydın və sistemli şəkildə müəyyənləşdirilməsinə şərait yaradır.
Bir media nümayəndəsi olaraq regionlarımızda fəaliyyət göstərən ali təhsil müəssisələrinin inkişafını izləmək xüsusi məmnunluq doğurur. Çünki güclü universitet yalnız təhsil ocağı deyil, həm də şəhərin sosial, mədəni və iqtisadi inkişafının mühərrikidir. Mingəçevir Dövlət Universitetində müşahidə olunan müsbət dəyişikliklər və davamlı inkişaf prosesi göstərir ki, bölgələrdə də güclü elmi mühit formalaşdırmaq, rəqabətədavamlı təhsil modeli yaratmaq mümkündür.
Bu gün Mingəçevir Dövlət Universiteti göz önündə böyüyən, yenilənən və gələcəyə inamla addımlayan ali təhsil müəssisəsi təsiri bağışlayır. Universitetin əldə etdiyi nailiyyətlər, kollektivin əməyi və rəhbərliyin strateji baxışı bu inkişafın davamlı olacağına dair ümidləri daha da artırır.
Sonda Mingəçevir Dövlət Universitetinin bütün kollektivinə, xüsusilə rektor Anar Eminov başda olmaqla, gələcək fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayırıq.

Esmira Hidayətova, Mingəçevir