26 may tarixində Mingəçevir şəhəri İlqar Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən “Peşə Təmayüllü Siniflər” layihəsi çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Rüstəm Aslanov, idarənin əməkdaşları, media nümayəndələri və qonaqlar iştirak ediblər. Sərgidə şagirdlərlə yanaşı,onların ixtisas müəllimləri və qrup rəhbərləri də yer alıblar.

Şagirdlərin yaradıcılıq bacarıqlarını və əldə etdikləri praktik bilikləri əks etdirən nümunələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sərginin keçirilməsində əsas məqsəd şagirdlərin peşə bacarıqlarını və yaradıcılıq potensialını nümayiş etdirmək, onların əmək bazarına hazırlıq səviyyəsini artırmaq, peşə təhsilinə marağı təşviq etmək və gələcək peşə seçimlərinə motivasiya yaratmaqdır.




Esmira Hidayətova, Mingəçevir
