Lənkəran: Cənubun gizli xəzinəsi

1789223726_b91e2184-34d5-466e-9ef0-1dbc5a288116-1

Lənkəran: Cənubun gizli xəzinəsi Lənkəran. Burada hər fəslin öz rəngi, hər kəndin öz hekayəsi, hər təbiət guşəsinin isə bir turizm imkanları var… Lənkəran artıq yalnız çayı, limonu, naringisi və məşhur mətbəxi ilə tanınan cənub şəhəri deyil. Bu qədim şəhər indi Azərbaycanın turizm xəritəsində öz çəkisi olan və getdikcə də bunu artıran, fərqli turizm istiqamətlərini bir məkanda birləşdirən böyük potensiala çevrilir. Burada tarix də var, dəniz də, dağ da, meşə də, sağlamlıq üçün termal su da, aqroturizm də, ekoturizm də, ekstremal turzim də.. Ən maraqlısı isə budur ki, Lənkəranın turizm üstünlüyü ayrı-ayrı obyektlərdə deyil, bu imkanların bir coğrafiyada birləşməsindədir. Lənkəran təkcə cənub bölgəsinin ən tanınmış şəhərlərindən biri deyil. O, Azərbaycanın çoxşaxəli turizm potensialına malik əsas məkanlarından biridir. Çünki burada turizmin yalnız bir istiqamətindən danışmaq mümkün deyil. Burada turist səhər qədim xan sarayının tarixini öyrənə, günorta çay plantasiyasında çayın hazırlanma prosesini izləyə, daha sonra Talış meşələrinin qoynuna çəkilə və ya günü Xəzər sahilində başa vura bilər. Başqa sözlə, Lənkəran artıq bir turizm məkanı deyil, bir neçə turizm istiqamətinin kəsişdiyi bütöv bir ekosistemdir. Bir sözlə, Lənkəran dörd fəslin hər birində turistə başqa bir üzünü göstərir.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə bölgəyə təşkil olunan mediatur zamanı biz bu potensialın kağız üzərindəki rəqəmlərdən ibarət olmadığının şahidi olduq. Burada turizm artıq sadəcə “gələn turistə xidmət göstərmək” anlayışından çıxaraq kənd təsərrüfatını, sahibkarlığı, sənətkarlığı, ekologiyanı və yerli mədəniyyəti, tarixi, mətbəxi, məişəti özündə birləşdirən yeni iqtisadi istiqamətə çevrilir.
Bizim Lənkəran hekayəmiz isə şəhərin tarixi yaddaşından başladı.

Mir Əhməd xanın sarayından Lənkəranın keçmişinə açılan pəncərə

Lənkəran şəhərində ilk dayanacağımız Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi oldu. Muzeyə daxil olarkən ilk diqqəti cəlb edən yalnız burada qorunan eksponatlar deyil, binanın özüdür. Mir Əhməd xanın sarayı kimi tanınan bu tarixi tikili Lənkəranın ilk çoxmərtəbəli binalarından biri hesab olunur.
Muzey 1924-cü ildən fəaliyyət göstərir, 1991-ci ildən isə bu tarixi binada yerləşir. Bu gün həmin məkan Lənkəranın keçmişini gələcəyə daşıyan canlı yaddaş ünvanıdır.
Muzeyin direktoru, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova bildirir ki, 2025-ci ildə muzeyi 75 mindən çox turist ziyarət edib.
Bu rəqəm Lənkəranın tarixi irsinin turistlər üçün nə qədər cəlbedici olduğunu göstərir. Muzey xüsusilə xarici qonaqların marağı diqqət çəkir. Onları həm xan sarayının memarlığı, həm də Lənkəranın tarixi keçmişindən xəbər verən eksponatlar cəlb edir.
Muzey rəhbərinin sözlərinə görə, burada eksponatların sayı artıq 12 min 500-ə çatıb. Hər eksponat isə əslində bir tarix parçasıdır. Sanki bu divarlar Lənkəranın əsrlər boyu keçdiyi yolu danışır.

Bambukdan mebelə, dekorativ bəzəyə

Lənkəranda kənd təsərrüfatı sənətkarlıqla qovuşur
Lənkəranın turizm potensialının başqa bir tərəfi bizi Talışlı kəndinə apardı. Burada Azərbaycanın qeyri-adi və ilk təsərrüfat nümunələrindən biri ilə qarşılaşdıq. Belə ki, fərdi sahibkar Eynulla Calalov ölkədə bambuk yetişdirən ilk şəxslərdən biri olduğunu bildirir. 32 sot həyətyanı sahədə mindən çox bambuk yetişdirilir. Cənub bölgəsinin subtropik iqlimi bu bitkinin yetişdirilməsi üçün əlverişli şərait yaradır. Amma bambukun hekayəsi yalnız onun yetişdirilməsi ilə bitmir.
Calalov əvvəlcə bambukdan müxtəlif dekorativ əşyalar hazırlayıb. Daha sonra mebel və müxtəlif aksesuarların hazırlanmasına sifarişlər gəlməyə başlayıb. Beləcə, sadə kənd təsərrüfatı təşəbbüsü tədricən ailə təsərrüfatına, oradan isə sənətkarlıq və turizm üçün maraqlı məkana çevrilib. Bu məqam Lənkəranın başqa bir potensialını üzə çıxarır: Turist yalnız təbiətə baxmaqla işini bitirmir, həm də həmin təbiətin insan əməyinə necə çevrildiyini örmək imkanı qazanır. Bambuk təsərrüfatı məhz belə bir təcrübə təqdim edir.

Talış meşələrinin sehrinə doğru – Hirkan və Xanbulan

Şəhərdən uzaqlaşdıqca Lənkəranın başqa bir siması ortaya çıxır. Talış dağlarının ətəklərinə yaxınlaşdıqca hava dəyişir, yaşıllıq sıxlaşır, şəhər mühiti isə tədricən arxada qalır. İnsan burada bir anlıq ayrı bir dünyaya düşür, özünü başqa cür hiss edir.
Qarşımızda Hirkan Milli Parkı və Xanbulan su anbarı açılır. Bura Lənkəranın ekoturizm xəritəsində xüsusi yer tutur.
Relikt və endemik bitkiləri ilə seçilən Hirkan meşələri təbiətsevərlər üçün əvəzsiz məkandır. Dəmirağac və azat ağacı kimi nadir ağacların yaratdığı meşə mənzərəsi insanda xüsusi təəssürat yaradır. Burada təbiətlə təmas sadəcə gəzinti deyil. Bu, şəhərin sürətindən uzaqlaşıb meşənin sakitliyini dinləmək, dağ havasını hiss etmək, quşların səsini eşitmək və təbiətin içində bir neçə saat keçirmək imkanıdır.
Hirkan Milli Parkında hazırda 14 turizm marşrutu fəaliyyət göstərir. Gələcəkdə onların sayının artırılması nəzərdə tutulur.

Xanbulan isə bu mənzərəyə tamam başqa rəng qatır.

Palid, fıstıq, dəmirağac, vələs meşələri ilə əhatələnmiş su anbarı piknik, kempinq və təbiət qoynunda istirahət üçün əlverişli imkanlar yaradır. Burada insanın ağlına istər-istəməz belə bir fikir gəlir: Lənkəranın turizm sərvətinin böyük hissəsi tikilməyib – təbiətin özü tərəfindən yaradılıb.

Bir yarpaqdan süfrəyə – Lənkəran çayının səyahəti

Qiyməti 6 manatdan başlayıb 2000 manatadək olan Lənkəran çayı…
Cənub bölgəsini çaysız təsəvvür etmək çətindir. Ona görə də növbəti dayanacağımız “Nilada” çayçılıq təsərrüfatı oldu. Burada çayın yalnız içilən bir içki deyil, bütöv bir istehsal və mədəniyyət olduğunu görmək mümkündür.
Təsərrüfatda əsasən “Azərbaycan-2” və “Kolxida” çay sortları yetişdirilir. Burada 86 növdə hazırlanan müxtəlif çeşidli çay məhsulları turistlər üçün də maraqlı təcrübəyə çevrilir. Çünki qonaq hazır məhsulu sadəcə mağazadan almır. O, sahəyə çıxır, çay yarpaqlarını görür, onların necə toplandığını və emal olunduğunu izləyir, daha sonra həmin çayın dadına baxır. Bu isə aqroturizmin əsas mahiyyətidir.
Torpaqdan süfrəyə qədər gedən yol turist üçün bir səyahətə çevrilir.
Çay fabrikinin aylıq istehsal gücü 200 tona çatır. Burada hazırlanan məhsullar müxtəlif qiymət aralığında təqdim olunur və daha xüsusi çay növləri yüksək qiymətlərlə satılır. Burada hazırlanan çaylar bir kiloqramı növündən, hazırlanma texnologiyasından asılı olaraq 6 manat-2000 manat arasında dəyirşir.
Xarici turistlərin də bu təsərrüfata marağı getdikcə artır.
Çünki onlar üçün Lənkəran çayı sadəcə içki deyil, həm də Azərbaycanın cənubunun təbiətini, əməyini və ənənəsini canlı görmək imkanı əldə edilər.

Arı pətəyindən innovativ texnologiyaya – Lənkəranda yeni turizm məhsulu

Lənkəranda bizi təəccübləndirən növbəti məkan isə arıçılıq təsərrüfatı oldu.
“Balçı Səyavuş” arıçılıq təsərrüfatının rəhbəri Səyavuş Yaqubov deyir: “Ənənəvi arıçılıqdan fərqli olaraq biz innovativ arıçılıqla məşğuluq”. O arıçılıq təsərrüfatında tarixi ənənə ilə müasir texnologiya bir araya gətirə bilib.
KOBİA-nın arıçılıqla bağlı qrant müsabiqəsində qalib gələn sahibkar ötən il “şəhərdən-kəndə” layihəsinə də qoşulub. Bu layihə çərçivəsində arıçılıq muzeyi yaradılıb.
Muzeydə arı məhsullarının istehsalının müxtəlif istiqamətləri nümayiş etdirilir. Burada arıçılıq artıq sadəcə bal istehsalı deyil. Arıçılıq turizm məhsuluna çevrilib.
Təsərrüfatda arı məhsullarından istifadə əsasında sağlamlıq yönümlü xidmətlər, o cümlədən apiterapiya istiqamətində imkanlar təqdim edilir. Həmçinin arı pətəkləri ilə əlaqəli xüsusi otaqlar yaradılıb.
Digər maraqlı yenilik isə smart tərəzilərdir.
Pətəklərin altına yerləşdirilən bu cihazlar vasitəsilə çəkinin dəyişməsi, rütubət və temperatur kimi göstəricilər məsafədən izlənilə bilir. Yəni əsrlərdir dəyişməyən arıçılıq sənəti artıq rəqəmsal texnologiya ilə birləşir. Bu da göstərir ki, Lənkəranın kənd təsərrüfatı potensialı yalnız istehsal üçün deyil, turizm üçün də yeni imkanlar yaradır.

Lənkəran Spring – təbiətin içində xidmət və istirahət

Mediatur çərçivəsində növbəti dayanacaqlarımızdan biri Lənkəran Spring oteli oldu.
Media nümayəndələri burada həm yerləşmə imkanları, həm də göstərilən xidmətlərlə yaxından tanış oldular. Lənkəranın turizm potensialının böyüməsi ilə yanaşı, keyfiyyətli yerləşmə və xidmət imkanlarının artırılması da mühüm məsələdir. Çünki turist üçün gözəl təbiət qədər rahatlıq, xidmət və təhlükəsiz mühit də vacibdir. Bu baxımdan bölgədə yeni otel və turizm obyektlərinin istifadəyə verilməsi Lənkəranın turizm ekosisteminin tamamlanmasına xidmət edir.

800-dən çox obyekt və yeni turizm xəritəsi
Lənkəranın turizm potensialının miqyasını göstərən əsas göstəricilərdən biri isə infrastrukturun genişlənməsidir.
Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimovun sözlərinə görə, regionda ümumilikdə 800-dən artıq turistik obyekt, Lənkəranda isə 28 – mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Onlardan 12-si ulduz kateqoriyasına daxildir. Altı obyekt artıq ulduz alıb, digər altı obyekt üzrə isə proses davam edir.
Son illərdə aqroturizm istiqamətində də ciddi canlanma müşahidə olunur. “Nilada” çay təsərrüfatı, “Citrus Valley” sitrus vadiləri və Arıçılıq Muzeyi artıq Lənkəranın yeni turizm məhsullarına çevrilməkdədir.
Son bir ildə iki yeni otel tipli turizm obyektinin istifadəyə verilməsi, bir neçə yeni layihənin isə tikinti mərhələsində olması bu sahədə inkişafın davam etdiyini göstərir.
Amma görülən işlərin ən mühüm istiqamətlərindən biri yeni turizm marşrutlarının hazırlanmasıdır.
Hirkan Milli Parkında fəaliyyət göstərən 14 marşrutun sayının artırılması, marşrutların işarələnməsi, kəndlərin turizm potensialının qiymətləndirilməsi və yeni turizm məhsullarının yaradılması istiqamətində işlər aparılır.
Kəndlər də turizm xəritəsinə daxil edilir
Lənkəranın gələcək turizm strategiyasının ən maraqlı istiqamətlərindən biri kəndlərin bu prosesə cəlb edilməsidir. Hər bir rayonun, eləcə də ayrı-ayrı kəndlərin turizm potensialı qiymətləndirilir. Burada məqsəd sadəcə “turizm üçün gözəl yer” tapmaq deyil.
Ərazidə nə çatışmır? Hansı infrastruktur yaradılmalıdır? Hansı turizm məhsulu daha uğurlu ola bilər? İnvestor üçün hansı imkanlar var? Bu sualların cavabları hazırlanaraq həm yerli icra strukturlarına, həm də yerli və xarici investorlara təqdim olunur. Belə yanaşma turizmi təsadüfi təşəbbüslərdən çıxararaq planlı regional inkişaf modelinə yaxınlaşdırır. Bu modeldə kənd sakini də, sahibkar da, investor da, turist də eyni zəncirin bir hissəsinə çevrilir.

Qızılağacda başqa bir dünya – quşların uçuş marşrutu

Lənkəranın turizm xəritəsində ayrıca qeyd edilməli məkanlardan biri də Qızılağac Milli Parkıdır.
Xəzər sahilində yerləşən bu ərazi köçəri quşların mühüm dayanacaqlarından biridir. Flaminqolar, pelikanlar və digər quş növləri burada xüsusi maraq yaradır. Bu potensial artıq xarici turistləri də cənuba gətirir.
Məlumata görə, son bir il ərzində yalnız quş müşahidəsi məqsədilə Cənub bölgəsinə 2 minə yaxın xarici turist səfər edib. Bu rəqəm əslində Lənkəranın turizm bazarında yeni bir istiqamətin formalaşdığını göstərir.
Dünyanın müxtəlif ölkələrindən insanlar min kilometrlərlə yol qət edərək təbiətin yaratdığı bu mənzərəni izləməyə gəlirlər. Deməli, Lənkəranın turizm sərvəti yalnız insan əli ilə yaradılan obyektlərdə deyil. Bəzən ən böyük turizm məhsulu qanad açıb göy üzündə uçur.
Termal sular, dəniz və dağ – bir regionda neçə turizm növü mümkündür?
Lənkəranın üstünlüyü ondadır ki, burada turizmin coğrafiyası çox genişdir. Xəzər sahili dəniz turizmi üçün imkan yaradır. Talış dağları və Hirkan meşələri ekoturizm və macəra turizmi üçün geniş meydandır. Çay plantasiyaları və sitrus bağları aqroturizmin əsasını təşkil edir. Kəndlər kənd turizmi üçün yeni imkanlar vəd edir. Tarixi tikililər və muzeylər mədəni-tarixi turizmin dayaqlarıdır. İstisu müalicəvi bulaqları isə sağlamlıq və termal turizm üçün mühüm potensiala malikdir.
Bu mənzərəyə Lənkəranın mətbəxini, yerli sənətkarlığını, kənd həyatını və qonaqpərvərliyini də əlavə etdikdə ortaya kifayət qədər zəngin turizm palitrası çıxır.

Lənkəranın əsas sərvəti – onun müxtəlifliyidir

Lənkəranda keçirdiyimiz səfər bizə bir daha göstərdi ki, turizm yalnız hotel, restoran və istirahət məkanı demək deyil. Turizm həm də tarixdir. Təbiətdir. Kənd təsərrüfatıdır. İnsandır. Əməkdir. Sənətdir.Və ən əsası, hekayədir. Lənkəranın isə danışılacaq hələ çoxlu hekayəsi var.
Bütün bunların bir coğrafiyada birləşməsi Lənkəranı Azərbaycanın turizm xəritəsində xüsusi mövqeyə çıxarır. Bu gün əsas məsələ həmin potensialı qorumaq və onu düzgün turizm məhsullarına çevirməkdir. Yeni marşrutlar, kənd turizmi, aqroturizm, ekoturizm, quş müşahidəsi, sağlamlıq turizmi, müasir yerləşmə və xidmət imkanları bu prosesin ayrı-ayrı hissələridir.
Lənkəran artıq sadəcə Cənubun gözəl guşəsi olmaqla kifayətlənmir. O, öz təbii və mədəni sərvətlərini iqtisadi dəyərə, turizm məhsuluna və yeni inkişaf imkanlarına çevirmək mərhələsinə qədəm qoyur. Bəlkə də buna görə Lənkəranı Cənub bölgəsinin mirvarisi adlandırmaq təsadüfi deyil.
Çünki mirvarinin gözəlliyi təkcə onun bir rəngindən gəlmir. Onu qiymətli edən müxtəlif çalarların bir araya gəlməsidir. Lənkəranın da gücü məhz bundadır – burada dəniz də var, dağ da, meşə də, çay da, tarix də, kənd də insan da. Və bütün bu rənglərin yaratdığı mənzərə Lənkəranı Azərbaycanın turizm xəritəsində getdikcə daha parlaq görünən bir Cənub mirvarisinə çevirir.