2026-cı ilin 10 may tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “I MDU Yaşıl Kampus İdman Festivalı” (I MSU Green Campus Sports Festival) keçirilib.

Gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji mədəniyyətin gücləndirilməsi, yaşıl düşüncə tərzinin formalaşdırılması və dayanıqlı kampus həyatının təşviqi məqsədi daşıyan festival regionun ən genişmiqyaslı yaşıl idman təşəbbüslərindən biri kimi böyük maraqla qarşılanıb.

Festivalda Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyəti, tələbələr, magistrantlar, məzunlar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, peşəkar və həvəskar idmançılar, tərəfdaş qurumların nümayəndələri, şəhər ictimaiyyəti və media nümayəndələri daxil olmaqla ümumilikdə 3000-dən çox iştirakçı yer alıb.

Festivalın rəsmi açılış mərasimində çıxış edən MDU-nun Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin müdiri Azad Mirzəbəyov universitetdə həyata keçirilən “Yaşıl Kampus” strategiyasının yalnız ekoloji təşəbbüslərlə məhdudlaşmadığını, eyni zamanda sağlam həyat tərzi, fiziki aktivlik, sosial rifah və məsuliyyətli vətəndaşlıq dəyərlərini özündə birləşdirən kompleks inkişaf modeli olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, universitetdə formalaşdırılan müasir kampus mühiti tələbələrin ekoloji düşüncə tərzinin inkişafına, dayanıqlı həyat vərdişlərinin təşviqinə və sağlam cəmiyyət modelinin gücləndirilməsinə xidmət edir. Anar Eminov idman, ekologiya və sosial məsuliyyətin vahid platformada birləşdirilməsinin gələcəyin dayanıqlı universitet modelinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışında gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və regionlarda kütləvi idman hərəkatının genişləndirilməsinin dövlət gənclər siyasətinin mühüm prioritetlərindən biri olduğunu qeyd edib. O, Mingəçevir Dövlət Universiteti ilə təşkil olunan belə innovativ və sosial yönümlü təşəbbüslərin gənclərin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini bildirib, festivalın təşkilində əməyi olan bütün tərəflərə təşəkkürünü ifadə edib.

Festival çərçivəsində marafon/qaçış, voleybol, futbol, üzgüçülük, velosiped yarışı, stolüstü tennis və eko-yarışlar təşkil olunub. Yarışlarda universitetin tələbələri, əməkdaşları, məzunları, həmçinin tərəfdaş qurumların nümayəndələri fəal iştirak ediblər.

Marafon/qaçış və velosiped yürüşləri Mingəçevir şəhərinin mərkəzi küçələri boyunca təşkil olunub. Şəhərin yaşıllıq zolaqları və açıq hava marşrutlarını əhatə edən yürüşlər ekoloji məsuliyyət, aktiv şəhər həyatı və karbon emissiyalarının azaldılması ideyalarını təşviq edən nümunəvi ictimai platformaya çevrilib. Xüsusilə diqqət çəkən məqamlardan biri festival iştirakçılarının tədbir məkanına əsasən avtomobilsiz — piyada, velosiped və ictimai nəqliyyat vasitələri ilə gəlməsi olub. Bununla iştirakçılar dayanıqlı mobillik, təmiz nəqliyyat və şəhər mühitində karbon izinin azaldılması ilə bağlı ictimai çağırışa dəstək nümayiş etdiriblər.

Festivalın müxtəlif idman yarışları açıq hava və yaşıllıq mühitində təşkil olunub, iştirakçılar üçün ekoloji baxımdan təhlükəsiz və sağlam atmosfer yaradılıb. Yarışların sonunda qalib komandalar və fərdi iştirakçılar medal, kubok və xüsusi sertifikatlarla təltif olunublar.

Tədbir konsert proqramı və musiqili şoularla davam edib. Festival çərçivəsində təşkil olunan bədii hissədə iştirakçılara canlı ifalar təqdim olunub, açıq hava musiqi proqramları festivalın dinamik və enerjili atmosferini daha da gücləndirib.

Festivalın diqqətçəkən təşəbbüslərindən biri də “Green Nutrition Zone” – Yaşıl Qidalanma Zonasının yaradılması olub. Zonada yerli və mövsümi məhsullar, orqanik qidalar, ekoloji təmiz istehlak nümunələri və plastiksiz qablaşdırma həlləri təqdim edilib. Eyni zamanda “Zero Waste Food” konsepti çərçivəsində qida tullantılarının minimuma endirilməsi, təkrar istifadə və məsuliyyətli istehlak yanaşmaları təşviq olunub.

Qeyd edək ki, “I MDU Yaşıl Kampus İdman Festivalı” universitetdə ekoloji davamlılıq, yaşıl həyat tərzi, sağlam kampus mühiti və sosial rifah istiqamətində həyata keçirilən institusional təşəbbüslərin mühüm tərkib hissəsi olmaqla yanaşı, regionda yaşıl düşüncə və dayanıqlı inkişaf dəyərlərinin təşviqinə xidmət edən nümunəvi platforma kimi qiymətləndirilir.




Esmira Hidayətova, Mingəçevir
