Yaşıllığın qorunması hər kəsin üzərinə düşən mühüm vəzifələrdəndir. Yaşıllığın uzunömürlülüyün ən vacib amillərindən biri olduğunu desək, yanılmarıq. Təbii ki, ağacların, güllərin və çiçəklərin havanı təmizləməsi ilə yanaşı, insanlara estetik zövq bəxş etməsi üstünlüyünü hamımız yaxşı bilirik. Məhz buna görə də bu gün Mingəçevirdə bu sahəyə xüsusi diqqət ayrılır. Son illər şəhərdə salınan yaşıllıq zolaqları, parklar və xiyabanlar sanki insanın təbiətlə harmoniyasının bariz nümunəsidir. Bu gözəlliklər yaşıllıq salan insanların zəhməti hesabına yaranıb və hər an diqqəti cəlb edir.

Yaşıllığın artırılması və ona göstərilən qayğının nəticəsində bu gün Mingəçevirin park və meydanları istirahət üçün gözəl məkanlara çevrilib. Şəhər rəhbərliyi bu sahənin daha da abadlaşdırılması üçün mütəmadi olaraq aidiyyəti qurumlara tapşırıqlar verir.
Bu gün parklarda gəzən hər bir vətəndaş yaxşı bilir ki, yaşıllıq insanların uzunömürlü olmasında mühüm rol oynayır. Şəhərimizin demək olar ki, hər bir guşəsi istirahət üçün əlverişlidir. Yaşıllıqların qoynunda, gül-çiçək əhatəsində dincəlmək isə hər kəsin arzusudur. Artıq şəhərimizdəki parklar, xiyabanlar və küçələr zövqümüzü oxşayan mənzərəyə malikdir.

Sözsüz ki, park və xiyabanların, küçə və meydanların gözəlliyində xüsusi rol oynayan yaşıllıqların artırılması, qorunması və becərilməsi işində Mingəçevir Yaşıllaşdırma Xidməti kollektivinin üzərinə böyük məsuliyyət düşür. Bu sahədə çalışan insanların əməyi danılmazdır. Onlardan biri də işinin peşəkarı, məsuliyyətli və öz vəzifəsinin öhdəsindən layiqincə gələn Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin sahə rəisi Umudov Razi Kərim oğludur. O, 9 illik fəaliyyəti dövründə gördüyü işlərə görə dəfələrlə rəhbərlik tərəfindən fəxri fərmanlarla təltif olunub.

Razi Umudov bizimlə söhbətində bildirib ki, yaşıllıqlar daim qayğı tələb edir: “Yol kənarındakı yaşıllıqların, gül sahələrinin və dekorativ ağacların hər zaman səliqəli və baxımlı olması bağbanların gündəlik zəhmətinin nəticəsidir. Bu iş şəhərimizin gözəlliyinə xidmət etməklə yanaşı, gələcəyimizə də qayğıdır. Çalışırıq ki, bizə etibar olunan yaşıllıqları qoruyaq və onlara düzgün qulluq göstərək. Bu, hər birimiz kimi bizim də borcumuzdur.”
Qeyd edək ki, ilin bütün fəsillərində zəhmətkeş bağbanları şəhərimizin park, meydan və xiyabanlarında görmək mümkündür. Onlar mövsümə uyğun olaraq fidanların əkilməsi, yetişdirilməsi və aqrotexniki qulluq tədbirlərini vaxtında həyata keçirirlər. Yaz aylarında isə onların işi daha da intensivləşir.

Sonda yaşıllıqların qorunmasına töhfə verən hər kəsə uğurlar arzulayırıq. Fürsətdən istifadə edərək qeyd edək ki, bu gün sahə rəisi Razi Umudovun ad günüdür. Bu münasibətlə onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Esmira Hidayətova, Mingəçevir
