İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən aktiv vulkanı hesab olunur. İndiyədək vulkanların yaranması üçün üç əsas mexanizm qəbul edilirdi, lakin Etna bu təsnifata tam şəkildə uyğun gəlmir.

Bu barədə “Phys.org” yazır.

Lozanna Universitetinin alimləri və Kataniyadakı Milli Geofizika və Vulkanologiya İnstitutunun tədqiqatçısı Anna Rosa Korsaro ilə birgə aparılan araşdırma vulkanın formalaşma mexanizmlərinə dair yeni nəticələr ortaya qoyub.

Qeyd olunur ki, Etna 500 000 ildən çox yaşı olan nəhəng vulkandır. O, Siciliyanın şərq sahilində dəniz səviyyəsindən 3000 metr hündürlüyə qalxır və ildə bir neçə dəfə püskürür. Bu xüsusiyyətlərinə görə həm ən aktiv, həm də dünyanın ən yaxından izlənilən vulkanlarından biridir.

Vulkanların yaranmasının ənənəvi modelləri

Alimlərə görə, indiyədək vulkanların üç əsas formalaşma mexanizmi qəbul edilirdi:

İki tektonik lövhənin bir-birindən uzaqlaşdığı zonalar, burada mantiyadan material qalxaraq okean qabığını formalaşdırır.

Subduksiya zonaları, yəni bir tektonik lövhənin digərinin altına batdığı ərazilər. Bu proses suyun təsiri ilə əriməni artıraraq Yaponiya Fuciyama kimi partlayıcı vulkanlar yaradır.

Tektonik lövhələrin mərkəz hissələri, burada “isti nöqtələr” adlanan yüksələn isti material Havay adaları kimi vulkanik adalar formalaşdırır.

Lakin Etna bu üç kateqoriyadan heç birinə tam uyğun gəlmir. O, subduksiya zonasına yaxın yerləşsə də, kimyəvi tərkibi “isti nöqtə” vulkanlarına bənzəyir, amma yaxınlıqda belə bir istilik mənbəyi yoxdur.

Yeni izah: “Petit-spot” mexanizmi

Araşdırmalar göstərir ki, Etna klassik vulkanlardan fərqli olaraq, püskürmə zamanı yeni yaranan maqma ilə deyil, artıq üst mantiyada mövcud olan kiçik maqma ehtiyatları ilə qidalanır. Bu maqma Afrika və Avrasiya tektonik lövhələrinin toqquşması nəticəsində yaranan mürəkkəb hərəkətlər vasitəsilə səthə daşınır.

Bu səbəbdən Etna ehtimal ki, 2006-cı ildə yapon geoloqları tərəfindən təsvir edilən nadir “petit-spot” tipli vulkanlara aid edilə bilər. Bu tip vulkanlar yerin üst mantiyasında mövcud maqma ciblərinin olduğunu göstərən mühüm sübut sayılır.

Bu kəşf Yer kürəsində digər vulkan sistemlərinin necə formalaşa biləcəyini anlamaq üçün yeni imkanlar açır.