Aprelin 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri,Bələdiyyə sədri ilə birgə, əvvəlcə şəhid Rüstəm Əhmədovun ailəsini yaşadığı evdə ziyarət ediblər. Daha sonra Rahim Tağıyevin ailəsi ziyarət olunub.

Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, onların ailə üzvləri ilə səmimi söhbətlər aparıldı.

Şəhər rəhbəri İlham İsmayılov ziyarət zamanı qeyd etdi ki, şəhid ailələrinə diqqət və qayğı hər bir vətəndaşın mənəvi borcudir, onların göstərdiyi fədakarlıq heç zaman unudulmayacaq. 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın hərb tarixində mühüm mərhələ olmaqla yanaşı böyük Zəfərə aparan yolun başlanğıcı olub. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək mühüm strateji mövqeləri azad etdi. Aprel döyüşləri zamanı Talış kəndi ətrafındakı yüksəkliklər, Lələ təpə yüksəkliyi və digər istiqamətlərdə yerləşən vacib yollar düşməndən azad olunub, bununla da Azərbaycan Ordusunun gücü və döyüş ruhu bir daha təsdiqləndi.

Şəhər rəhbəri qeyd edib ki, bu uğurların məntiqi davamı olaraq baş verən 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının parlaq Qələbəsi ilə başa çatdı. Bu tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu və şəhidlərimizin qanı yerdə qalmadı.

Hər iki şəhidin ailə üzvüləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Şəhidin ailələrinə İcra Hakimiyyətinin adından ərzaq bağlaması verilib.
Qeyd edək ki,bundan öncə şəhid Teymur Qasımovun və Adil Adilzadənin ailəsi ziyarət olunub.


Esmira Hidayətova,Mingəçevir.
