Mingəçevirdə 13 saylı məktəbin məzunları illər sonra eyni sinif otaqlarında bir araya gəldi
Uzun illərin həsrətindən sonra 13 saylı məktəbin məzunları doğma məktəblərinin həyətində və sinif otaqlarında unudulmaz bir görüş üçün bir araya gəliblər. Bu nostalji dolu tədbir, iştirakçılar üçün həm emosional, həm də mənəvi baxımdan dəyərli anlarla yadda qalıb.

Tədbirdə yalnız məzunlar deyil, onların həyatlarında mühüm rol oynamış bir neçə müəllim də iştirak edib. Görüş zamanı məzunlar müəllimlərinə dərin minnətdarlıqlarını bildirərək, onların təhsil və tərbiyə sahəsindəki əvəzsiz əməyini xüsusi ehtiramla xatırlayıblar.

Görüş zamanı məzunlar uzun illər məktəbdə rus dili müəlliməsi kimi fəaliyyət göstərmiş və bir çox şagirdin dünyagörüşünə müsbət təsir etmiş Elmira Mahmudovnaya da baş çəkiblər. Onlar müəlliməyə bu illər ərzində qazandıqları uğurlarda onun böyük payı olduğunu vurğulayıblar. Elmira xanım da ziyarətdən son dərəcə təsirləndiyini və bu görüşün onun üçün nə qədər dəyərli olduğunu sevinc və qürur hissi ilə dilə gətirib.

Günün davamında müəllim və şagirdlər birgə xoş anlar yaşayıb, keçmiş günləri yada salıblar. Bir-birindən maraqlı xatirələr bölüşülüb, o illərin məktəb həyatı yenidən canlandırılıb. Tədbirin sonunda iştirakçılar birlikdə xatirə şəkilləri çəkdirib, bu görüşü ömürlərinin yaddaşına daha bir dəyərli xatirə kimi həkk ediblər.

13 saylı məktəbin direktoru Daşqın İbrahimov da tədbirin əhəmiyyətini qeyd edib və təşəbbüskar məzunlara minnətdarlığını bildirib. O, belə görüşlərin məktəbin ruhunu yaşatdığını və gənc nəslin təhsilinə göstərilən ictimai dəstəyi nümayiş etdirdiyini vurğulayıb.

Bu görüş bir daha sübut etdi ki, keçmiş yalnız xatirə deyil — o, insanları birləşdirən, dəyərləri qoruyub saxlayan güclü bir bağdır.

Esmira Hidayətova, Mingəçevir