“Ermənistanın yeni konstitusiya layihəsi ətrafında müzakirələr davam etdiyi bir vaxtda Azərbaycanın mövqeyinin əsas mahiyyəti kifayət qədər aydındır: Bakı Ermənistanın daxili siyasi və hüquqi proseslərinə müdaxilə etmək niyyətində deyil. Konstitusiyanın necə hazırlanması, hansı dövlətçilik modelinin seçilməsi və hansı institutların fəaliyyətinin tənzimlənməsi Ermənistan cəmiyyətinin və dövlətinin suveren hüququdur”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Eyvaz Qurbanov deyib.

O bildirib ki, lakin burada Azərbaycanı birbaşa maraqlandıran prinsipial məsələ var:

“Söhbət Ermənistanın Konstitusiyasında və digər hüquqi-siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına əsas yarada biləcək müddəaların aradan qaldırılmasından gedir. Çünki iki ölkə arasında davamlı sülhün qurulması üçün ilk növbədə ərazi bütövlüyünə qarşılıqlı hörmət və suverenliyin tanınması təmin edilməlidir. Bakının mövqeyi aydındır. Bakı Ermənistanın hansı Konstitusiyanı qəbul etməsinə deyil, həmin sənədin Azərbaycana qarşı iddiaları ehtiva edib-etməməsinə və gələcək münasibətlər üçün hansı siyasi-hüquqi zəmin yaratmasına diqqət yetirir. Qalan məsələlər Ermənistanın daxili işidir”.

O qeyd edib ki, bu prosesin digər mühüm tərəfi isə məsuliyyətin yalnız Ermənistan hakimiyyətinin üzərinə düşməməsidir. “Azərbaycan dəfələrlə bəyan edib ki, davamlı sülhün əldə olunması üçün yalnız hökumətlər deyil, cəmiyyətlər də müvafiq siyasi iradə nümayiş etdirməlidir”, – deputat vurğulayıb.

E.Qurbanovun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətinin yeni konstitusiya təşəbbüsü və referendum planı bu baxımdan Ermənistan cəmiyyəti üçün mühüm seçim mərhələsi yaradır:

“Artıq erməni xalqı da öz mövqeyini ortaya qoymalıdır”.

599099

Milli Məclisin üzvü onu da bildirib ki, Bakı seçimə hörmət edir, amma sülhün hüquqi təminatını istəyir:

“Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh yalnız siyasi bəyanatlarla və ya imzalanmış sənədlərlə məhdudlaşmamalıdır. Onun hüquqi, institusional və ictimai təminatları da olmalıdır. Əks halda, bu gün əldə olunan razılaşmaların gələcəkdə yenidən siyasi iddialar və revanşist yanaşmalarla sual altına alınması riski qalacaq. Bu baxımdan da Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına zəmin yaradan müddəaların aradan qaldırılması sülh prosesinin mühüm şərtlərindən biri olaraq qalır”.

Qeyd edək ki, noyabrın 23-də Ermənistanın yeni konstitusiyasının mətni açıqlanıb. Sənəddə Müstəqillik Bəyannaməsinə heç bir istinad əksini tapmayıb.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.