Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyev xalqımız qarşısında göstərdiyi igidlikləri heç vaxt unudulmayacaq

0
IMG-20250625-WA0032(1)

Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün nümunəyə çevrilirlər.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı.

Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı Nağıyev Dilqəm Heydər oğlunun da xalqımız qarşısında göstərdiyi igidliklər heç vaxt unudulmayacaq.

Bu gün milli qəhrəmanın döğum günü Şəhidlər xiyabanında məzarı başında qeyd edilib. Yaşasaydı 50 yaşı tamam olurdu.

Şəhidin doğum günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti nin Vətən müharibəsi iştrakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev, şöbənin əməkdaşı Seymur Hidayətov,
Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi əvəzi İlham Zeynalov,YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ŞPŞ rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi Vahid Məmmədov,Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov, şəhər 6 və 9 saylı məktəbin direktorları ,şəhidin qardaşı və ailəsi,44 günlük Vətən müharibəsinin qazisi Pərviz Məmmədov Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.


Daha sonra Milli qəhrəmanın oxuduğu və adını daşıdığı 9 saylı məktəbin önündəki büstü ziyarət olunub.

Tədbir iştirakçıları şəhidin xatirəsini hörmət və minnətdarlıqla yad edib adına verilən ehsan süfrəsində şəhidin xatirələrini bölüşüb onun keçdiyi döyüş yollarından söhbət açıblar.Şəhidin doğmaları,qardaşı uşaqları şəhidin adına şeirlər söyləyiblər.

Qeyd edək ki, Nağıyev Dilqəm Heydər oğlu 1975-ci il iyunun 24-də Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı Mingəçevir şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş, elektrik çilingəri peşəsinə yiyələnmişdir.

 

1993-cü il avqustun 7-də Milli Ordu sıralarına çağırılan Dilqəm Vətənin müdafiəsinə yollanır. Bakıdakı hərbi hissələrin birində hərbi təlim keçdikdən sonra Gəncə şəhərinə, oradan isə Füzuli döyüş bölgəsinə göndərilir. Dilqəmin ilk döyüş yolu da buradan başlayır. O, Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli, Kürdmahmudlu kəndlərinin müdafiəsində böyük şücaət göstərir.

Komandirləri Dilqəmin döyüş rəşadətini yüksək qiymətləndirirdilər. Elə buna görə də qısa bir vaxtda ona çavuş rütbəsi verilir. O, daim öz üzərində çalışır, silahlardan istifadə etmək qaydasını inadla öyrənirdi. Bu da onun döyüşlərdə uğur qazanmasına kömək edirdi.

Ölkəmizin hər bir ərazisi Dilqəm üçün doğma, əziz idi. Silahdaşlarını dözümlü, cəsarətli olmağa ürəkləndirərdi. Onun qanında, varlığında düşmənə nifrət, kin vardı.

1994-cü ilin oktyabrında Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri alınmasında Dilqəmin xidmətləri az olmamışdır. 15 mart 1995-ci ildə ikinci dəfə dövlət çevrilişinə cəhd edilərkən, Tovuz-Ağstafa zonasında əsgərlərlə birlikdə qiyamçıların ram edilməsi əməliyyatında şücaət göstərən Dilqəm Nağıyev qarşı tərəfdən açılan atəş nəticəsində həlak olur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir