Azərbaycandan Pakistana gedərək İŞİD-ə qoşulan və daha sonra saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkəmizə gətirilən 8 nəfərin məhkəmə prosesi başa çatıb.

Təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Onlardan ən yaxşlısının 43, ən gəncinin isə cəmi 24 yaşı var.

Təqsirləndirilən şəxslərin məhkəmədə bir-birinə oxşar ifadə veriblər. Onlar hər biri ifadəsində dini şəraitdə yaşamaq istədiklərini bildiriblər.

1994-cü il təvəllüdlü təqsirləndirilən şəxsin ifadəsi isə daha dəhşətlidir. O, Azərbaycanın İslam şəriəti ilə idarə edilməməsini qəbul etmədiyini deyib:

“Pakistan və Əfqanıstan daha çox dini ölkədir. Peyğəmbər deyib ki, kafirlərə qarşı döyüşün. Hazırda dünya əxlaqsızlıq içindədir. Mən də buna görə günahın az olduğu Pakistana hicrət etdim. Özümü partlatmaq niyyətim var idi. Buna “İstişhədi” deyirlər. Mənası Allah yolunda öz canını fəda etmək deməkdir. Amma özünü partladacağım yer bilinmirdi”.

Məlum olub ki, 32 yaşlı İŞİD üzvü Bakıda ticarətlə məşğul olub. Hərbi xidmətdə olmadığını bildirən təqsirləndirilən şəxs, Pakistanda Qureyşi adlı İŞİD xəlifəsinə biət etdiyini deyib.

“2024-cü ildə Pakistana getdim. Dini şəraitdə yaşamaq istəyirdim. Bizi dağa qaldırdılar, amma bir müddət sonra gördüm ki, vəziyyət düşündüyüm kimi deyil. Yaşamaq üçün uyğun yer deyildi. Daha sonra ağır vəziyyətə görə xəstələndim. Özümə “Usama” dini ləqəbi götürmüşdüm”.

Məlum olub ki, İŞİD-ə qoşulan Azərbaycan vətəndaşları biət etdikdən sonra onlardan özlərini hansı mövqeyə gördükləri soruşulub. Hazırda təqsirləndirilən 8 nəfərdən ikisi özünü partlada biləcəyini deyib. Həmin şəxslər belə üsulla şəhid olacağını düşünüblər.

Məhkəməfə ifadə verən 1997-ci il təvəllüdlü təqsirləndirilən şəxs isə bildirib ki, Pakistana Allahın dinini yaşamağa gedib:

“Mən Allah yolunda qan tökməyə, öz qanımı axıtmağa getmişdim. Mənə buna görə 4000 manat pul verildi. İŞİD qruplaşmasının içinə getdiyimi bilirdim. Biət etmək məqsədim var idi. Peyğəmbər buyurub ki, biətsiz ölən insan cahil insandır. Xəlifəyə biət edəcəkdik. Peşman deyiləm”.

Sonda məhkəmə təqsirləndirilən şəxslərə hökm oxuyub. Hökmə əsasən, onlardan biri 8 il, digərləri müvafiq olaraq 8 il 6 ay, 10 il, ikisi 8 il 3 ay, daha biri 11 il, iki nəfər isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər İŞİD-lə əlaqəni Teleqram kanalı vasitəsilə yaradıbar. Sonrakı danışıqlarda onlara Pakistana yollanıblar.