“Son dövrlərdə Rusiyada Azərbaycana qarşı açıq şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa, iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə hesablanmış təxribat xarakterli kampaniyanın intensivləşməsi ciddi narahatlıq doğurur. Müxtəlif vaxtlarda Uralov, Knyazev, Çadayev və digər şəxslərin iştirakı ilə Azərbaycana qarşı səsləndirilən ittihamlar, ayrı-ayrı Rusiya media resurslarında yayılan qərəzli materiallar və nəhayət, diplomatik nümayəndəliyimizin yerləşdiyi ərazidə baş verən son insident bu kampaniyanın təsadüfi xarakter daşımadığını göstərir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, növbəti belə bir təxribatxarakterli hərəkət avqustun 27-də günorta saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında baş verib.

“Naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir.

Rəsmi Bakı hadisəyə operativ və sərt reaksiya verərək bunu qəbuledilməz təxribat kimi qiymətləndirib. Hadisəni Bakı-Moskva münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə biləcəyinə diqqət çəkib”, – o vurğulayıb.

K.Bayramov hesab edir ki, burada əsas məsələ təkcə səfirliyin qarşısında törədilən konkret təxribat deyil: “Əsas məsələ belə hərəkətlərin hansı məqsədə xidmət etməsidir.

Azərbaycan-Rusiya münasibətləri kifayət qədər mürəkkəb və çoxşaxəli tarixə malikdir. İki ölkə arasında siyasi, iqtisadi, humanitar və regional təhlükəsizlik sahələrində mühüm əlaqələr mövcuddur. Belə bir münasibətlər sisteminin müxtəlif təxribatlarla zədələnməsinə cəhd edilməsi isə ilk növbədə Moskvanın maraqlarına cavab vermir.

Azərbaycan tərəfi dəfələrlə nümayiş etdirib ki, qonşuları ilə normal, qarşılıqlı hörmətə və milli maraqların nəzərə alınmasına əsaslanan münasibətlərin tərəfdarıdır. Bakı heç bir ölkə ilə gərginlik yaratmaqda maraqlı deyil. Lakin bu, Azərbaycanın öz milli maraqlarına qarşı yönəlmiş addımlara səssiz qalacağı anlamına gəlmir. Əksinə, Azərbaycanın son illərdəki xarici siyasəti göstərir ki, ölkə öz milli maraqlarını və dövlət suverenliyini qorumaq məsələsində kifayət qədər aydın və prinsipial mövqeyə malikdir.

Məhz buna görə də Rusiyanın aidiyyəti qurumlarının bu hadisəyə lazımi hüquqi qiymət verməsi, insidenti hərtərəfli araşdırması və günahkarların müəyyənləşdirilməsi vacibdir. Təxribatın təşkilatçıları və icraçıları kimliyindən asılı olmayaraq məsuliyyət daşımalıdır”.

O söyləyib ki, diplomatik nümayəndəliyə qarşı yönəlmiş istənilən təxribat sadəcə bir ölkəyə qarşı küçə aksiyası kimi qiymətləndirilə bilməz: “Bu, dövlətlərarası münasibətlərə toxunan məsələdir. Azərbaycanın mövqeyi bu məsələdə aydındır və müəyyən etdiyi qırmızı xətlər var. Bu xətlərə toxunmağa, onları sınağa çəkməyə və Azərbaycanı təzyiq altında qərar verməyə məcbur etməyə heç kimə imkan verilməyəcək”.

Deputat vurğulayıb ki, ən başlıcası isə belə addımlar Azərbaycan-Rusiya münasibətlərinin inkişafına zərbə vurur:

“İki ölkə arasında mövcud problemlərin həlli yolu media təxribatlarından, küçə aksiyalarından və qarşılıqlı ittihamlardan keçmir. Əgər hansısa məsələdə fikir ayrılığı varsa, bunun həlli dövlətlərarası dialoq, diplomatik kanallar və qarşılıqlı hörmət prinsipi əsasında mümkündür. Bu baxımdan Rusiya hakimiyyətinin məsələ ilə bağlı prinsipial mövqe ortaya qoyması xüsusi əhəmiyyət daşıyır. Belə təxribatların qarşısının alınması yalnız Azərbaycanın deyil, Rusiyanın da marağındadır. Çünki münasibətləri süni şəkildə gərginləşdirmək dividendlər gətirmir. Əksinə, belə kampaniyalar illər ərzində formalaşmış etimadı zədələyir, qarşılıqlı münasibətlərə kölgə salır və iki ölkənin real maraqlarına zidd nəticələr yarada bilər.

Bakının mesajı da kifayət qədər aydındır: Azərbaycan münasibətlərin normal məcrada inkişafında maraqlıdır və bunun üçün siyasi iradə də ortaya qoyur. Amma eyni zamanda dövlətin milli maraqlarına qarşı yönəlmiş addımlara göz yummayacaq.

Təxribatın arxasında kimlərin dayandığı müəyyənləşdirilməli, hüquqi qiymət verilməli və belə halların təkrarlanmaması üçün konkret tədbirlər görülməlidir. Çünki Azərbaycanla münasibətləri gərginləşdirməyə hesablanmış hər bir təxribat yalnız Bakıya qarşı deyil, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin özünə qarşı yönəlmiş addımdır”.