Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı, ötən dövr ərzində yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Zelenskinin cari ilin aprel ayında Azərbaycana həyata keçirdiyi səfərin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

Görüşdə regional təhlükəsizlik məsələləri, Ukraynada mövcud vəziyyət, habelə beynəlxalq gündəlikdə duran digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb.

Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair ortaq niyyət ifadə olunub.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Ukrayna lideri bu barədə öz teleqram kanalında paylaşım edib.

Zelenski Azərbaycan XİN rəhbərinin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevə ilk dəfə səfər etdiyini vurğulayıb:

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir genişmiqyaslı Rusiya işğalı başlayandan bəri ilk dəfədir ki, Ukraynaya səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi İrpen şəhərindəki məktəb, xəstəxana və reabilitasiya mərkəzinə baş çəkməklə başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlməyə və bizi dəstəkləməyə imkan tapdıqları üçün çox minnətdarıq. Xalqımızla həmrəyliyə görə təşəkkür edirəm”.

Ukrayna Prezidenti görüşdə ölkəsinə edilən zərbələr, Qara dənizdəki vəziyyət və taxıl dəhlizinin bloklanması barədə azərbaycanlı nazirə məlumat verdiyini bildirib. Müzakirələr zamanı yüksəksəviyyəli diplomatik təmaslar, müdafiə sahəsində əməkdaşlıq, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sektorlarında iqtisadi əlaqələr nəzərdən keçirilib.

Zelenski göstərilən humanitar və energetika yardımına, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdarlığını ifadə edib.