Mingəçevirdə bağçalarda soyuq və qaranlıq: Təhsil sektoru problemdən xəbərdar olsa da, regional rəhbərliyə məlumat verməyib – ciddi məsuliyyətsizlik ifşa olundu
Mingəçevir şəhərində yerləşən bir neçə körpələr evi və uşaq bağçasında yaranmış işıq və istilik problemləri valideynlərin haqlı narazılığına səbəb olub. Şikayətlərə görə, məsələ iki həftədən artıqdır davam edir, lakin bu müddət ərzində nə problemin köklü həlli təmin olunub, nə də məsul qurumlar tərəfindən ciddi addım atılıb.
Valideynlərin bildirdiyinə görə, Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi 119 ünvanında yerləşən 16 saylı “Aynur” körpələr evi artıq iki həftəyə yaxındır işıqsız vəziyyətdə fəaliyyət göstərir. Qışın sərt günlərində azyaşlı uşaqların qaranlıq və soyuq otaqlarda saxlanılması valideynlər tərəfindən uşaqların sağlamlığı üçün birbaşa təhlükə kimi qiymətləndirilir.
Eyni zamanda, Mingəçevir şəhər 1 saylı “Lalə” uşaq bağçası–körpələr evində də vəziyyət ürəkaçan deyil. Şikayətlərə əsasən, bağçada istilik sistemi faktiki olaraq mövcud deyil. Kombinin guya “təmirə göndərildiyi”, daha sonra isə “təmir olunaraq” geri qaytarıldığı bildirilsə də, otaqlarda temperatur demək olar ki, sıfıra yaxındır.
Valideynlərin sözlərinə görə, bağça rəhbərliyi müvəqqəti çıxış yolu kimi elektrik peçlərinin qoşulmasına icazə verib, lakin bir müddət sonra “işıq yüklənir” bəhanəsi ilə narazılıq yaradılıb və peçlərin sökülməsi tələb edilib. Nəticədə uşaqlar yenidən soyuq otaqlarda qalmağa məcbur edilib.
Valideynlər haqlı olaraq sual edirlər:
“Bu soyuqda uşaqları necə saxlayaq? Uşaqlar donmalıdırmı?”
Xeberler.info-nun əldə etdiyi ŞOK MƏLUMAT
Məsələnin ən narahatedici və qalmaqallı tərəfi isə Xeberler.info-nun apardığı araşdırma zamanı üzə çıxıb. Məlum olub ki, bağçalarda baş verən bu problemlərlə bağlı bağça müdirləri tərəfindən Mingəçevir şəhər təhsil sektorunun rəhbəri Sevinc Həsənovaya məlumat verilib. Yəni, təhsil sektorunun müdiri məsələ ilə bağlı məlumatlı olub.
Lakin araşdırmamız göstərir ki, Sevinc Həsənova bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Həmid Qasımova heç bir rəsmi məlumat verməyib. Başqa sözlə, problem sektor səviyyəsində “dayandırılıb”, regional rəhbərlik isə vəziyyətdən kənarda saxlanılıb.
Bu fakt artıq sadəcə texniki nasazlıq yox, idarəetmədə ciddi məsuliyyətsizlik və səlahiyyətdən yayınma kimi qiymətləndirilir.
Ciddi suallar ortaya çıxır
Niyə azyaşlı uşaqların sağlamlığına birbaşa təhlükə yaradan problem günlərlə həll edilmir?
Niyə valideynlərin saysız müraciətləri nəticəsiz qalır?
Niyə Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova məsələ ilə bağlı regional rəhbərliyi məlumatlandırmayıb?
Bu səhlənkarlığın məsuliyyətini kim daşıyacaq?
Məsələ artıq təkcə işıq və istilik problemi deyil. Bu, uşaqların sağlamlığına və təhlükəsizliyinə biganə münasibətin, eyni zamanda idarəetmə boşluğunun və nəzarətsizliyin açıq göstəricisidir.
Sevinc Həsənovanın rəhbərlik etdiyi Mingəçevir şəhər təhsil sektorunun bu vəziyyətdə susqunluq nümayiş etdirməsi ictimai qınağı daha da artırır. Valideynlər haqlı olaraq hesab edirlər ki, azyaşlı uşaqların qaranlıq və soyuqda saxlanılması cinayətə bərabər məsuliyyətsizlikdir.
Valideynlərin sonda irəli sürdüyü tələb isə sadə və haqlıdır:
“Uşaqlarımız üçün normal şərait yaradılsın və bu problemlərə cavabdeh olan məsul şəxslər məsuliyyətə cəlb edilsin.”
