XXI əsr universitetlərin qarşısına əvvəlki dövrlərlə müqayisədə daha böyük və daha mürəkkəb vəzifələr qoyur.

Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, əmək bazarının dinamik şəkildə dəyişdiyi, innovasiyanın iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi, ekoloji problemlərin isə qlobal gündəmin mühüm məsələlərindən biri olduğu müasir dünyada universitet yalnız təhsil müəssisəsi deyil, həm də yeni elmi ideyaların formalaşdığı, innovasiyaların təşviq edildiyi, insan kapitalının inkişaf etdirildiyi və cəmiyyətə real töhfələrin verildiyi intellektual mərkəz olmalıdır.

Mingəçevir Dövlət Universitetində son bir il ərzində həyata keçirdiyimiz inkişaf strategiyasının əsasını məhz bu yanaşma təşkil edir.

Bizim üçün universitetin inkişafı ayrı-ayrı layihələrin, tədbirlərin və statistik göstəricilərin cəmi deyil. Bu, akademik mükəmməllikdən tələbə məmnunluğuna, elmi fəaliyyətdən beynəlmiləlləşməyə, rəqəmsal transformasiyadan sənaye əməkdaşlığına, innovasiyadan “Yaşıl Universitet” konsepsiyasına qədər bütün istiqamətlərin vahid strateji məqsəd ətrafında birləşdirilməsi prosesidir.

Bu məqsəd isə aydındır: gələcəyin Azərbaycanına və dəyişən dünyaya cavab verə biləcək, bilikli, bacarıqlı, yaradıcı, məsuliyyətli və rəqabətqabiliyyətli gənclər yetişdirmək.

“Universitetin ən böyük dəyəri tələbədir”

Bu baxımdan bizim üçün universitetin ən böyük dəyəri tələbədir.

Çünki ali təhsil müəssisəsinin fəaliyyətinin yekun nəticəsi yalnız akademik göstəricilərlə deyil, tələbənin qazandığı bilik, formalaşdırdığı bacarıqlar, təhsil aldığı mühit və gələcəyə hazırlıq səviyyəsi ilə ölçülür.

Tələbə məmnuniyyəti bizim üçün yalnız xidmət keyfiyyətinin göstəricisi deyil, eyni zamanda universitet idarəçiliyi fəlsəfəsinin mühüm meyarlarından biridir.

Tələbənin universitetdə özünü dəyərli hiss etməsi, fikirlərinin dinlənilməsi, müasir təhsil və tədqiqat imkanlarına, laboratoriyalara, kitabxanaya, rəqəmsal resurslara, sosial, mədəni və idman fəaliyyətlərinə çıxışının təmin olunması sağlam və səmərəli akademik mühitin əsas şərtlərindəndir.

Müasir və tələbəyönümlü təhsil modeli yalnız auditoriyalardan ibarət deyil.

Tələbə universitetdə nəzəri biliklə yanaşı praktiki bacarıqlar qazanmalı, araşdırma aparmalı, layihələr hazırlamalı, komanda ilə işləməyi öyrənməli, rəqəmsal texnologiyalardan və süni intellekt imkanlarından məsuliyyətli və səmərəli şəkildə istifadə etməli, xarici dillərə yiyələnməli və beynəlxalq mühitdə özünü ifadə edə bilməlidir.

Bu səbəbdən MDU-da təhsilin məzmununun müasir əmək bazarının tələbləri ilə əlaqələndirilməsi, innovativ tədris metodlarının tətbiqi və praktiki təhsilin gücləndirilməsi strateji prioritetlərimiz sırasında xüsusi yer tutur.

“Akademik mükəmməllik yalnız yüksək qiymət və diplom deyil”

Bizim üçün akademik mükəmməllik yalnız yüksək qiymətlər və diplomlarla ölçülmür.

Akademik mükəmməllik sual vermək, araşdırmaq, yeni ideyalar ortaya qoymaq, mövcud biliklərin sərhədlərini genişləndirmək və əldə olunan elmi nəticəni cəmiyyət üçün real dəyərə çevirmək bacarığıdır.

Universitetin elmi potensialının gücləndirilməsi də məhz belə bir düşüncə mühitinin formalaşdırılmasını tələb edir.

Bu baxımdan Akademik Təşviq və İndeksləşdirmə Sistemi – ASİS universitetimizin akademik inkişaf yanaşmasının mühüm elementlərindən biridir.

ASİS akademik heyətin elmi fəaliyyətinin sistemli şəkildə izlənilməsinə, nəşrlərin, layihələrin, patentlərin, konfrans materiallarının və digər akademik nəticələrin nəzərə alınmasına, beynəlxalq elmi məlumat bazaları ilə əlaqəli daha şəffaf, obyektiv və nəticəyönümlü akademik mühitin formalaşdırılmasına imkan verir.

Burada əsas məqsəd yalnız rəqəmlərin arxasınca getmək deyil.

Əsas məqsəd elmi əməyin dəyərini artırmaq, professor-müəllim heyətini və tədqiqatçıları daha böyük elmi hədəflərə təşviq etmək və universitetdə nəticələrə əsaslanan akademik mədəniyyət formalaşdırmaqdır.

Elmlə real sektor arasında əlaqə gücləndirilir

Elmi inkişafın davamlı olması üçün universitetin sənaye və real iqtisadiyyatla əlaqələrinin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Bu gün MDU-nun sənaye tərəfdaşlarının sayının artması, müxtəlif təşkilatlarla əməkdaşlıqların genişləndirilməsi, magistrantların tədqiqat mövzularının real sektorun ehtiyacları ilə əlaqələndirilməsi bu yanaşmanın konkret nəticələridir.

Biz istəyirik ki, universitetdə aparılan tədqiqatlar yalnız elmi məqalələrdə və dissertasiyalarda qalmasın.

Elmi ideya istehsala, texnologiyaya, idarəetməyə, sahibkarlığa və sosial inkişafa təsir göstərməli, universitetdə yaradılan bilik real iqtisadi və ictimai dəyərə çevrilməlidir.

Universitetlə sənaye arasında əlaqələr nə qədər güclü olarsa, tələbənin əmək bazarına keçidi də bir o qədər hazırlıqlı və məqsədyönlü olacaq.

Bu yanaşmanın mühüm istiqamətlərindən biri də müasir laboratoriya və innovasiya infrastrukturunun yaradılmasıdır.

Süni intellekt və rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, robototexnika, mühəndislik və gələcəyin digər sahələri üzrə yaradılan imkanlar tələbələrə yeni texnologiyaları yalnız öyrənmək deyil, həm də tətbiq etmək və yeni həllər hazırlamaq imkanı verir.

Bölgədə yaradılan müasir Kibertəhlükəsizlik Laboratoriyası da bu fəlsəfənin nəticələrindən biridir.

Rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə kibertəhlükəsizlik milli təhlükəsizliyin, iqtisadi dayanıqlılığın və rəqəmsal gələcəyin qorunmasının əsas elementlərindən biridir.

Bu sahədə yetişdirilən hər bir mütəxəssis Azərbaycanın təhlükəsiz və dayanıqlı gələcəyinə qoyulan sərmayədir.

Beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq

Universitet-sənaye əməkdaşlığının digər mühüm istiqamətlərindən biri beynəlxalq texnologiya şirkətləri ilə qurulan tərəfdaşlıqlardır.

MDU-nun bölgədə ilk olaraq “CISCO Networking Academy”nin rəsmi tərəfdaşı statusunu əldə etməsi, “Aselsan Bakı” MMC ilə əməkdaşlıq, telekommunikasiya laboratoriyasının yaradılması, tələbə və mütəxəssislərin hazırlanması, texniki bilik və təcrübə mübadiləsinin genişləndirilməsi universitetin müasir texnologiya ekosisteminə inteqrasiyasını gücləndirir.

Bu cür tərəfdaşlıqların məqsədi yalnız birgə layihələr həyata keçirməkdən ibarət deyil.

Əsas hədəf tələbənin universitetlə əmək bazarı arasındakı keçidini daha səmərəli şəkildə qurmaq, onu real iş mühitinin tələblərinə hazırlamaq və gənclərin müasir texnologiyalarla işləmək imkanlarını genişləndirməkdir.

“Universitetin gələcəyini beynəlmiləlləşmədən düşünmək mümkün deyil”

Universitetin gələcəyini beynəlmiləlləşmədən ayrı təsəvvür etmək mümkün deyil.

Dünyaya açılan universitet özünü yalnız ölkə daxilində deyil, beynəlxalq akademik mühitdə də sınamalı, təcrübə mübadiləsinə açıq olmalı və qlobal elmi proseslərin fəal iştirakçısına çevrilməlidir.

Son dövrdə Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə qurduğumuz əməkdaşlıqlar bu istiqamətdə atılan mühüm addımlardır.

Marmara Universiteti, Ege Universiteti, Dokuz Eylül Universiteti, Qazi Universiteti, Düzce Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti, Orta Doğu Texniki Universiteti, TED Universiteti və OSTİM Texniki Universiteti ilə əlaqələrimiz beynəlxalqlaşma strategiyamızın mühüm hissəsini təşkil edir.

Xüsusilə Marmara Universiteti ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində yaradılan Birgə Koordinasiya Komitəsi əməkdaşlığımızın yeni mərhələyə keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Biz Türkiyə ilə münasibətlərimizi yalnız akademik mübadilə çərçivəsində qiymətləndirmirik.

Birgə elmi tədqiqatların, tələbə və akademik heyət mübadiləsinin, ikili diplom imkanlarının, innovasiya və sahibkarlıq təşəbbüslərinin, mühəndislik, süni intellekt, PUA texnologiyaları və gələcəyin digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik.

Bu proses yalnız Türkiyə ilə məhdudlaşmır.

Qazaxıstan, Özbəkistan, Malayziya, İndoneziya və ümumilikdə Asiya və Avropa akademik məkanı ilə əlaqələrin inkişaf etdirilməsi MDU-nun beynəlmiləlləşmə strategiyasının daha geniş coğrafiya üzərində qurulduğunu göstərir.

Lakin bizim üçün beynəlxalq tərəfdaşlıqların əsas göstəricisi tərəfdaş universitetlərin sayının çoxluğu deyil.

Əsas məsələ hər bir əməkdaşlığı tələbəyə, alimə, tədqiqatçıya və bütövlükdə universitetə real nəticələr verən davamlı tərəfdaşlığa çevirməkdir.

Tələbənin dünyaya açılması

Beynəlmiləlləşmə eyni zamanda tələbənin dünyaya açılması deməkdir.

Xarici universitetlərlə əməkdaşlıq, mübadilə proqramları, beynəlxalq layihələr, birgə tədqiqatlar və ikili diplom imkanları gənclərə müxtəlif akademik mühitləri tanımaq, beynəlxalq təcrübə qazanmaq və Azərbaycanı qlobal elm və təhsil mühitində layiqincə təmsil etmək imkanı yaradır.

Lakin müasir universitet yalnız texnologiya, reytinqlər və beynəlxalq əlaqələrlə ölçülə bilməz.

Universitetin mənəvi, sosial və ictimai missiyası da elmi missiyası qədər əhəmiyyətlidir.

Tələbənin universitet həyatında fəal iştirakı, klublarda, könüllülük fəaliyyətlərində, idmanda, mədəni tədbirlərdə, forumlarda və festivallarda özünü ifadə etməsi onun yalnız peşəkar deyil, şəxsiyyət kimi də inkişafına mühüm töhfə verir.

Biz universiteti yalnız dərslərə girilən məkan kimi deyil, gəncin özünü kəşf etdiyi, dostluqlar qurduğu, liderlik bacarıqları qazandığı, təşəbbüslərlə çıxış etdiyi və cəmiyyətə faydalı olmağı öyrəndiyi canlı sosial və intellektual mühit kimi görürük.

“Yaşıl Universitet” konsepsiyası

Bu fəlsəfənin mühüm dayaqlarından biri də “Yaşıl Universitet” anlayışıdır.

Müasir universitet yalnız gələcəyi öyrətməməli, gələcəyi öz fəaliyyətində də yaşatmalıdır.

Enerji və su ehtiyatlarından səmərəli istifadə, kağızsız və rəqəmsal idarəetmə, tullantıların düzgün idarə olunması, ekoloji şüurun artırılması, sağlam həyat tərzinin təşviqi və tələbələrin ekoloji təşəbbüslərə cəlb olunması MDU-nun yaşıl inkişaf modelinin əsas istiqamətləridir.

Bu baxımdan qardaş Türkiyənin Sıfır Tullantı Fondu ilə əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır.

Türkiyədə inkişaf etdirilən “Sıfır Tullantı” fəlsəfəsi bizim üçün yalnız tullantıların idarə olunması modeli deyil. Bu yanaşma məsuliyyətli istehlakı, resurslardan səmərəli istifadəni, dövri iqtisadiyyat prinsiplərini və ekoloji şüuru özündə birləşdirən kompleks inkişaf modelidir.

Sıfır Tullantı Fondu İdarə Heyətinin sədri Samed Ağırbaş ilə keçirdiyimiz görüşdə bu modelin universitet mühitində tətbiqi, ekoloji layihələrin hazırlanması, resurslardan səmərəli istifadə və tələbələrdə “yaşıl düşüncə”nin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılması da məhz bu strateji yanaşmaya əsaslanır.

Bizim üçün “yaşıl kampus” yalnız yaşıllıqlarla əhatə olunmuş kampus deyil. Yaşıl düşünən insanların yetişdirildiyi kampusdur.

Bu düşüncənin təbii davamı universitetdə sağlam həyat və sosial məsuliyyət mühitinin yaradılmasıdır.

Keçirdiyimiz “Yaşıl Kampus İdman Festivalı” və digər sosial-ekoloji təşəbbüslər göstərir ki, sağlam həyat tərzi, ekoloji məsuliyyət, tələbə fəallığı və ictimai həmrəylik bir-birindən ayrı sahələr deyil.

Bunlar müasir universitet məzununun yetişdirilməsinin bir-birini tamamlayan elementləridir.

MDU beynəlxalq reytinqdə TOP-100-də

Həyata keçirilən işlər və formalaşdırılan yeni yanaşmalar beynəlxalq müstəvidə də öz əksini tapır.

MDU-nun WURI 2026 reytinqində iki kateqoriya üzrə dünyanın TOP-100 universitetləri sırasında yer alması və həmin reytinqdə Azərbaycandan təmsil olunan yeganə universitet olması bizim üçün böyük qürur olmaqla yanaşı, daha böyük məsuliyyət yaradır.

Biz bu nəticəni yekun hədəf kimi qəbul etmirik.

Bu, həyata keçirdiyimiz fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisi və daha böyük məqsədlərə gedən yolun mühüm mərhələsidir.

Çünki reytinq bizim üçün sadəcə rəqəm deyil. Bu, universitetdə formalaşan innovasiya mədəniyyətinin, sahibkarlıq yanaşmasının, tələbə iştirakçılığının, akademik inkişafın və sosial təsirin beynəlxalq səviyyədə görünür olmasıdır.

“Hədəfimiz yalnız region universiteti olmaq deyil”

Mən hesab edirəm ki, MDU-nun son bir ildə keçdiyi inkişaf yoluna ayrı-ayrı layihələr prizmasından deyil, bütöv bir sistem kimi yanaşmaq lazımdır.

ASİS akademik mükəmməlliyi, müasir laboratoriyalar praktiki təhsili və innovasiyanı, sənaye tərəfdaşlıqları karyera imkanlarını, beynəlxalq əlaqələr qlobal inteqrasiyanı, tələbəyönümlü idarəetmə akademik məmnunluğu, “Yaşıl Kampus” isə sosial və ekoloji məsuliyyəti gücləndirir.

Bu istiqamətlərin hər biri digərini tamamlayır və nəticədə bütöv, müasir və gələcəyə hesablanmış universitet modeli formalaşır.

Hədəfimiz yalnız region universiteti olmaqla kifayətlənmək deyil.

MDU-nu regionun inkişafına liderlik edən, Azərbaycanın elmi və intellektual potensialının gücləndirilməsinə töhfə verən, beynəlxalq akademik şəbəkələrdə görünən və tələbələrinə gələcəyin imkanlarını təqdim edən müasir universitetə çevirmək istəyirik.

Bu yolun əsas hərəkətverici qüvvəsi isə insandır.

Professor-müəllim, tədqiqatçı, tələbə və məzun universitetin hər bir üzvü bu böyük akademik ailənin bir hissəsidir.

Universitetin texnologiyası nə qədər müasir, laboratoriyaları nə qədər yüksək səviyyədə təchiz edilmiş, beynəlxalq əlaqələri nə qədər geniş olursa-olsun, bütün bunları real dəyərə çevirən insan kapitalıdır.

Buna görə universitetin inkişafına dair yanaşmamda mənim üçün ən mühüm prinsip insana investisiya qoymaqdır.

Çünki texnologiya dəyişir, əmək bazarı dəyişir, peşələr dəyişir.

Lakin düşünən, öyrənən, istehsal edən, dəyişikliklərə uyğunlaşan və cəmiyyət qarşısında məsuliyyət daşıyan insan hər bir inkişaf modelinin əsasını təşkil edir.

“Gələcəyin universitetini sabahın ehtiyaclarını görərək qurmalıyıq”

Universitet fəlsəfəmizi bir cümlə ilə ifadə etmək mümkündür:

Gələcəyin universitetini bugünün imkanları ilə deyil, sabahın ehtiyaclarını görərək qurmaq.

İnanıram ki, MDU-nun qarşıdakı inkişaf mərhələsi daha böyük elmi nəticələr, daha güclü beynəlxalq tərəfdaşlıqlar, daha yüksək tələbə məmnunluğu, daha geniş karyera imkanları, yeni texnoloji layihələr və daha dərin sosial məsuliyyət anlayışı üzərində qurulacaq.

Qarşımızda böyük hədəflər var.

Bu hədəflərə gedən yol isə daim yenilənməkdən, açıq düşüncədən, beynəlxalq əməkdaşlıqdan, innovasiyadan və ən əsası insana investisiya qoymaqdan keçir.

Universitet qurmaq yalnız bina tikmək, laboratoriya yaratmaq və təhsil proqramları hazırlamaq deyil.

Universitet qurmaq gələcəyin insanını, gələcəyin düşüncəsini və gələcəyin cəmiyyətini formalaşdırmaq məsuliyyətini üzərinə götürməkdir.

Biz MDU-nun gələcəyini məhz bu məsuliyyət üzərində qururuq.

Gənclərimizə demək istəyirəm: universitet illərinizi yalnız diplom almaq üçün deyil, özünüzü kəşf etmək, düşünmək, yaratmaq, araşdırmaq və ölkənizin gələcəyində söz sahibi olmaq üçün dəyərləndirin.

Qarşınızdakı imkanlardan istifadə edin və öyrənməyi heç vaxt dayandırmayın.

Çünki Azərbaycanın sabahı bu gün qazandığınız bilik, formalaşdırdığınız xarakter və daşıdığınız məsuliyyət üzərində qurulacaq.

Bizim vəzifəmiz isə sizə yalnız bu gün üçün deyil, dəyişən dünyanın sabahı üçün də mükəmməl universitet mühiti yaratmaqdır.

İnanıram ki, universitetin əsl gücü yetişdirdiyi gənclərin həyatına toxunduğu nöqtələrdə və cəmiyyətdə yaratdığı dəyərdə özünü göstərir.

MDU-nun inkişaf yolunun ən böyük meyarı da məhz budur.

Bilikli gənclik – güclü cəmiyyət, güclü universitet isə güclü gələcək deməkdir.

Bizim ən böyük hədəfimiz də yetişdirdiyimiz bilikli tələbələrlə Azərbaycanın gələcəyinə xidmət edən dayanıqlı akademik mühit formalaşdırmaqdır.

Son Nokta Haber: Serdar Akyol/ Azərbaycan