Mingəçevir şəhər R. Muradov adına Texniki və Humanitar Fənlər Liseyi 2025–2026-cı tədris ilini uğurlu nəticələrlə başa vurub. Hazırda liseydə 55 sinif üzrə 1289 şagird təhsil alır. Təhsil müəssisəsində 91 müəllim və 35 nəfər texniki heyət çalışır.

 

Cari tədris ilində keçirilən buraxılış imtahanlarında lisey şagirdləri yüksək nəticələr əldə ediblər. IX siniflər üzrə 110 şagird imtahanda iştirak edib. Ümumi orta bal 174 olub, 47 şagird 200 və daha yüksək bal toplayıb. 17 şagird fərqlənmə attestatına namizəd olub. Ən yüksək nəticə isə 289 bal təşkil edib.

XI siniflər üzrə isə 98 şagird təhsil alıb. Buraxılış imtahanlarında ümumi orta bal 178 olub. 39 məzun 200 və daha yüksək bal toplayıb, 13 nəfər fərqlənmə attestatına namizəd göstərilib. Bu mərhələdə qeydə alınan ən yüksək nəticə 287 bal olub.

Lisey şagirdləri Respublika Fənn Olimpiadasında da uğurla çıxış ediblər. Final mərhələsinə 4 şagird vəsiqə qazanıb. Onlardan XI sinif şagirdi Namazlı Cəbrayıl Səbuhi informatika fənni üzrə qızıl medal, XI sinif şagirdi Mirzəyev Sumuraz İsrəfil informatika fənni üzrə bürünc medal, IX sinif şagirdi Qasımov Uğur Elşad isə fizika fənni üzrə bürünc medal əldə edib.

Respublika Fənn Müsabiqəsində də lisey uğurlu nəticələr qazanıb. VII sinif şagirdi Cəfərov Raul Elşad riyaziyyat, VII sinif şagirdi Eminov Nazim Anar isə biologiya fənni üzrə fərqlənən şagirdlər sırasında yer alıb.

XI sinif şagirdi Mirzəyev Sumuraz İsrəfil oğlu beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil edib. O, iyun ayında Sinqapurda keçirilən ISO-2025 Kibertəhlükəsizlik Olimpiadasında gümüş medal qazanıb. Şagird yenidən Azərbaycan yığmasının seçim mərhələsində uğurla iştirak edərək Tunisdə keçiriləcək beynəlxalq olimpiadada ölkəmizi təmsil etmək hüququ əldə edib.

Liseyin X sinif şagirdi Hümbətli Qənirə Vasif qızı isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qalibi olub.

Təhsil müəssisəsinin şagirdləri SAF-STEAM 2025 Beynəlxalq Azərbaycan Festivalında da uğurlu nəticələr əldə ediblər. Festivalda bir qızıl, bir gümüş və bir bürünc medal qazanılıb. Qızıl medalın mentoru Nadirova Nərminə, gümüş medalın mentoru Niyazova Fərqanə, bürünc medalın mentoru isə Camalova Leyla olub.

Bu il liseyin 98 şagirdi məzun adını qazanaraq yeni həyat mərhələsinə qədəm qoyub. Bununla əlaqədar təşkil olunan “Son zəng” tədbiri yüksək əhval-ruhiyyə şəraitində keçirilib. Tədbirdə liseyin müəllim kollektivi, valideynlər, təqaüddə olan müəllimlər, şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Qeyd olunub ki, lisey illərdir əldə etdiyi yüksək təhsil göstəriciləri ilə Mingəçevirin qabaqcıl təhsil müəssisələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.

Liseyin direktoru: Nailə Məmmədova

Xəbərin müəllifi Esmira Hidayətova