19 yanvar 2026-cı il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin kollektivi tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına anım ziyarəti təşkil olunmuşdur. Ziyarət Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin rəhbəri Mənsur Həsənovun rəhbərliyi altında baş tutmuşdur.

Ziyarət zamanı 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur. Şəhidlərin xatirəsinə ucaldılmış Muzeyə baxış keçirilmiş, həmin qanlı gecənin xalqımızın tarixində buraxdığı dərin izlər bir daha xatırlanmışdır.

Tədbir zamanı vurğulanmışdır ki, Heydər Əliyev Mərkəzinin rəhbəri Mənsur Həsənovun təşəbbüsü və rəhbərliyi ilə dövlətçilik ənənələrinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin daim uca tutulması Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızın məzarlarının mütəmadi olaraq ziyarət edilməsi, qazilərimizin daim diqqət və qayğı ilə əhatə olunması bu ardıcıl və məqsədyönlü fəaliyyətin bariz nümunəsidir.

Qeyd edilmişdir ki, Azərbaycan dövləti və xalqı öz şəhidlərini heç vaxt unutmur, onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə vətənpərvərlik, dövlətə sədaqət və milli birlik nümunəsi kimi aşılanır. 20 Yanvar şəhidlərinin xatirəsinin anılması xalqımızın azadlıq iradəsinin, mübarizə əzminin və dövlətçilik ruhunun təcəssümü kimi dəyərləndirilmişdir.

Tədbir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının misilsiz qəhrəmanlığına dərin ehtiramın ifadəsi kimi qiymətləndirilmişdir.
