Qətərdə yay aylarında havanın temperaturu 46 dərəcəyə qədər yüksəlir. Ölkə açıq məkanları daha komfortlu etmək üçün onları xüsusi kondisioner sistemləri vasitəsilə soyutmağa başlayıb.

Ölkənin bəzi bölgələrində piyada və qaçış yollarına səthin üzərinə birbaşa soyuq hava verən soyutma sistemləri quraşdırılıb. Məqsəd ətraf mühitin temperaturunu 26–28 dərəcə civarında saxlamaq və hətta çox isti havalarda belə açıq havada idmanla məşğul olmağı mümkün etməkdir.

Qətərin Umm əl-Sənim parkında “Ginnesin Rekordlar Kitabı”na düşən, kondisionerlə soyudulan dünyanın ən uzun açıq hava qaçış və piyada yolu yerləşir. Parkı əhatə edən bu yolun uzunluğu 1,14 kilometrdir və səhranın qızmar havasında sərinlik təmin edir.

Oxşar sistem Qətərin mədəniyyət rayonlarından birində də tətbiq olunub. Burada restoran və mağazaların yerləşdiyi açıq əraziləri sərin saxlamaq üçün xarici kondisioner sistemindən istifadə olunur.

Texnologiya ölkənin bir neçə futbol stadionunda tətbiq olunan sistemlə eyni prinsipə əsaslanır. Sistem məqsədyönlü soyutma, istilik izolyasiyası, qismən qapalı hava dövriyyəsi, istiliyin toplanması və havanın qurudulmasını birləşdirir.

Hətta asfaltı da soyudurlar

Yol örtüyü də temperaturun aşağı salınmasında mühüm rol oynayır. Qətər günəş şüalarını yüksək səviyyədə əks etdirən, o cümlədən mavi piqmentli xüsusi örtükləri sınaqdan keçirib. Bu üsul asfaltın temperaturunu 15–20 dərəcə aşağı sala bilər.

Metodun mahiyyəti ondan ibarətdir ki, daha açıq rəngli və əks etdirmə qabiliyyəti yüksək olan səth günəş şüalarını daha az udur və nəticədə daha az qızır.

Ölkə soyutma sistemlərinin enerji tələbatının bir hissəsini günəş enerjisi hesabına ödəyir. Bəzi sistemlərdə tələb olunan enerjinin 60 faizədək hissəsinin günəşdən əldə edildiyi bildirilir.

Qətərdə açıq hava kondisionerlərinin ümumi dəyəri barədə açıq məlumat yoxdur. Lakin layihələrin miqyası və texniki mürəkkəbliyi nəzərə alınarsa, investisiyaların yüz milyonlarla dollara çata biləcəyi ehtimal olunur.