Çinli alimlər bir araşdırma aparıblar və əvvəllər su heyvanlarına təsir edən vəhşi təbiətdə yaranan CMNV virusunun – gizli ölümcül nodavirusun – insanlara yoluxmağa və davamlı göz infeksiyalarına səbəb olmağa başladığını aşkar ediblər.

Bu o deməkdir ki, suşi, çiy dəniz məhsulları və balıq yemək təhlükəli xroniki göz xəstəliyinə səbəb ola bilər.
Həkimlər son illərdə Çində ön üveit (gözün rəngli hissəsi olan iris və siliar cismin iltihablanması ilə xarakterizə olunan, gözün ən çox rast gəlinən iltihab növüdür – red.) xəstəliyindən əziyyət çəkən insanların sayında artım müşahidə ediblər.

Bu infeksiya qızartı, ağrı, fotofobiya, görmə qabiliyyətinin azalması və göz içi təzyiqinin artmasına səbəb olur. Əvvəllər xəstəliyin herpes viruslarından qaynaqlana biləcəyi məlum idi. Lakin, məlumata görə, bəzi xəstələrdə müxtəlif növ herpes testləri mənfi çıxsa da, üveit əlamətləri hələ də davam edir.

Alimlər 2022-ci ilin yanvar ayından 2025-ci ilin aprel ayına qədər bu diaqnozu və səbəbi bilinməyən 70 xəstəni tədqiqata cəlb ediblər. Göz əməliyyatı zamanı çıxarılan toxumanı araşdırdıqdan sonra təxminən 25 nanometr ölçüsündə virus hissəcikləri aşkar edilib. Sağlam könüllülərdən ibarət nəzarət qrupunun göz toxumasında belə hissəciklər tapılmayıb. Tədqiqatçılar virusun kimliyini onun genetik materialına əsasən müəyyən ediblər – bu, su heyvanlarını yoluxduran eyni CMNV nodavirusu olub.

Daha sonra alimlər xəstələrlə müsahibə apararaq virusa necə yoluxa biləcəklərini müəyyən ediblər. Məlum olub ki, iştirakçıların təxminən dörddə üçü çiy balıq və ya dəniz məhsulları yeyib və ya əlcəksiz çiy dəniz məhsulları ilə davranıblar.

Virusun həqiqətən xəstəliyə səbəb olduğunu sübut etmək üçün bioloqlar siçanları bu virusla yoluxdurublar. Bütün gəmiricilərdə göz içi təzyiqinin artması və digər əlamətlər də daxil olmaqla, uveitin xarakterik əlamətləri inkişaf edib.

Elmi məqalənin müəllifləri problemin yalnız Çinlə məhdudlaşmaya biləcəyini vurğulayıblar. CMNV virusu Asiya, Afrika, Avropa, Antarktida və Şimali və Cənubi Amerikada xərçəngkimilər və molyusklar da daxil olmaqla 49 dəniz heyvanı növündə aşkar edilib.

Xəstəliyin hələlik effektiv müalicəsi yoxdur, lakin virus balıq və dəniz məhsullarının istiliklə emalı ilə öldürülür.

Bu virusun insandan insana ötürülə biləcəyi məlum deyil.