Bəzi gənclərə ciddi imtiyazlar verilməsi təklif olunur

1789565165_1784636310_1772442825_iclas_kreslo_0254

“Təəssüf ki, bu gün texniki, riyazi elmləri dərindən bilən gənclər hərb sənətinə getmirlər. Hesab edirəm ki, bu sənətin ağırlığını hamı bilir. Onlar hər zaman öz həyatlarını vətən, dövlət üçün qurban verməyə hazırdırlar”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, müasir hərb sənəti ciddi riyazi hesablamalar, kompüter bilikləri deməkdir:
“Bizim istedadlı gənclər təəssüf ki, bu sahəyə getmirlər. Bununla bağlı hətta dinləmə keçirə bilərik. Bunun yeganə yolu odur ki, onlara ciddi imtiyzalar verilsin. Sovet dövründə istedadlı uşaqlar hərbiyə ona görə gedirdilər ki, ali hərbi məktəbi bitirən kimi hara göndərilsələr, mənzillə təmin olunurdular”.

Qeyd edək ki, komitənin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.