Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib.

Rumıniyanın rəsmi qurumları hadisələri təsdiqləyiblər. Ölən və xəsarət alan olmayıb.

İlk insident noyabrın 13-də, yerli vaxtla saat 21:40-da baş verib. Palau bayrağı altında üzən “Larissa 1” gəmisi həmin vaxt Rumıniya sahillərindən təxminən 12 kilometr aralıda, “Sfântu Gheorghe” yaşayış məntəqəsi yaxınlığında olub.

Gəmi Rumıniyanın Sulina limanına, oradan isə son təyinat məntəqəsi olan Ukraynaya doğru hərəkət edirmiş. PUA hücumu nəticəsində gəminin yük kranı zədələnib. Rumıniyanın “HotNews” nəşrinin məlumatına görə, kapitan ekipaj üzvlərindən heç kimin xəsarət almadığını və zərbədən sonra yanğın baş vermədiyini bildirib.

Noyabrın 14-də Konstansa hərbi limanında çıxış edən Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea ölkə hakimiyyətinin hadisə barədə məlumatlandırıldığını və araşdırmaya başlanıldığını təsdiqləyib.

Nazir bildirib ki, hakimiyyət Rumıniya ərazisi yaxınlığında dronların fəaliyyətini izləyir. Onun sözlərinə görə, noyabrın 13-də Tulça dairəsində PUA hücumu təhlükəsi ilə bağlı ən azı iki dəfə xəbərdarlıq elan edilib. Rumıniya hakimiyyəti gəmiyə hücum edən pilotsuz uçuş aparatının mənşəyini hələ müəyyənləşdirməyib.

Rumıniyanın “News.ro” agentliyinin məlumatına görə, noyabrın 14-də axşam saatlarında ölkə sahilləri yaxınlığında daha iki ticarət gəmisi dron hücumuna məruz qalıb. Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Yunanıstan bayrağı altında üzən “Evia Petrol V” tankeri yerli vaxtla saat 21:10-da Sulina limanından təxminən dörd dəniz mili şərq-cənub-şərq istiqamətində hücuma məruz qalıb. Təxminən 35 dəqiqə sonra isə Sulina kanalı yaxınlığında “Marsol” quru yük gəmisi hədəf alınıb.

KİV-in məlumatına görə, Sulina yaxınlığında dron hücumuna məruz qalan gəmilərdən birinin 14 nəfərlik heyəti 13 Azərbaycan və bir Türkiyə vətəndaşından ibarətdir. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.