Azərbaycanda güclü külək ağacları aşırdı, elektrik enerjisinin verilişində fasilələr yarandı
Göyçay şəhərində gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.
Küləyin təsiri nəticəsində şəhərin müxtəlif ərazilərində iri və xırda gövdəli ağaclar aşıb.
Xəsarət alan olmayıb.
Ağacların aşması ilə bağlı daxil olan məlumatlardan sonra Göyçay Şəhər Təsərrüfat Birliyinin yaşıllaşdırma sahəsinin əməkdaşları ərazilərə cəlb olunublar.
Aşmış ağacların doğranaraq ərazidən götürülməsi, eləcə də küçə və keçidlərdə yaranmış maneələrin aradan qaldırılması istiqamətində işlər görülüb.
Güclü külək şəhərin elektrik təsərrüfatına da təsir edib. Belə ki, müxtəlif ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

