Mingəçevir Dövlət Dram Teatrında Baku Media Centerin maliyyə dəstəyi ilə “SOY” prodakşın tərəfindən hazırlanmış, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş və süni intellekt texnologiyası əsasında ərsəyə gətirilən “Düşmənə qarşı tək” filminin təqdimatı keçirilib.


Tədbirdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və qəhrəmanın doğmaları iştirak ediblər.
Təqdimat zamanı çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Qəhrəman Natiq Qasımovun keçdiyi şərəfli həyat yolundan, Vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən danışıb. O bildirib ki, Natiq Qasımov xalqına, dövlətinə və doğma torpağına sonsuz sədaqət nümayiş etdirərək Azərbaycanın qəhrəmanlıq tarixində özünəməxsus yer tutub.


İcra başçısı çıxışında xüsusilə vurğulayıb ki, Natiq Qasımov döyüşlər zamanı son damla qanına qədər mübarizə aparıb, müqəddəs Azərbaycan bayrağına sadiq qalıb və onu əlindən buraxmayaraq böyük iradə və vətənpərvərlik nümunəsi göstərib.

Qeyd olunub ki, onun göstərdiyi qəhrəmanlıq, Vətənə və dövlətçiliyə bağlılığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Çıxışlarda həmçinin bildirilib ki, Natiq Qasımovun həyatı və qəhrəmanlığı bu gün də gənc nəsil üçün vətənpərvərlik, cəsarət və fədakarlıq məktəbidir.

Tədbirdə qeyd olunub ki, Natiq Qasımov uşaqlıq illərindən kinoya böyük maraq göstərib, hətta bir müddət kinomexanik kimi fəaliyyət göstərib.
Filmin ssenari müəllifi Fariz Əliyevdir. 25 dəqiqəlik ekran əsəri süni intellekt mütəxəssisləri Sarvan Hüseyn və Nəzrin Məmmədli tərəfindən hazırlanıb.
Sonda “Düşmənə qarşı tək” filmi nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

 

Tədbir iştirakçıları filmin Milli Qəhrəman Natiq Qasımovun şərəfli xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Esmira Hidayətova, Mingəçevir