Müraciətdə bildirilir ki, həyat yoldaşı Həsənova Nabat Azər qızı 12 may tarixində analıq məzuniyyətindən qayıdıb. Səhhəti ilə bağlı qeysəriyyə əməliyyatı keçirdiyinə görə qanunvericiliyə uyğun olaraq ona əlavə 14 günlük analıq məzuniyyəti verilib.
Müraciət sahibinin sözlərinə görə, Həsənova Nabat Azər qızı 26 may tarixində işə qayıtsa da, əlavə 14 günlük məzuniyyətə görə ödənilməli olan vəsait hələ də hesabına köçürülməyib. Bununla bağlı aidiyyəti qurumlara müraciətlər edildiyi bildirilsə də, problemin həlli istiqamətində nəticə əldə olunmadığı qeyd olunur.
Şikayətçi həmçinin bildirir ki, iyunun 8-də keçirilən iclas zamanı məsələ ilə bağlı izahat tələb olunub. Lakin onun iddiasına görə, rəhbərliyə problemin həll edildiyi barədə məlumat verilsə də, ödəniş hələ də həyata keçirilməyib.
Vətəndaş aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, ödənişin gecikmə səbəblərinin müəyyən edilməsini və problemin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunmasını xahiş edir.
