28 May – Müstəqillik Gününə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik” adlı elmi-nəzəri konfrans Mingəçevirdə keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, təhsil işçiləri və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mingəçevirdə yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Bununla yanaşı, məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunub və iştirakçılar təqdim olunan eksponatlarla tanış olublar.

Konfrans çərçivəsində “Heydər Əliyev və milli dövlətçilik” filminə baxış keçirilib. Filmdə Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkənin müstəqilliyinin inkişafı istiqamətində gördüyü işlər əks etdirilib.

Tədbirin rəsmi hissəsində giriş nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Heydər Əliyevin Azərbaycan dövlət müstəqilliyinin qorunması və milli dövlətçilik ənənələrinin formalaşmasındakı tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs bu gün də ölkənin inkişafında mühüm rol oynayır.

Daha sonra konfransda məruzələr dinlənilib. YAP nümayəndəsi Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova, təhsil sektorunun müdiri Rüstəm Aslanov və tibb kollecinin müəllimi Kəmalə Hüseynova geniş məruzələrlə çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin siyasi irsi, milli dövlətçilik ideyaları, Azərbaycanın müstəqillik yolunda keçdiyi mərhələlər və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətinin bir daha diqqətə çatdırılması və milli dövlətçilik dəyərlərinin təbliği baxımından önəmli platforma kimi qiymətləndirilib.


Esmira Hidayətova, Mingəçevir
