Mingəçevir şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması və sürücülərlə piyadaların rahat hərəkətinin təşkili istiqamətində növbəti tədbirlər həyata keçirilib.
Şəhər sakinlərinin və avtomobil istifadəçilərinin müraciətləri əsasında şəhər ərazisində yol hərəkət nişanlarının görünməsinə maneə yaradan amillərin aradan qaldırılması, yol nişanları və nişanlanma xətlərinin daha aydın görünməsi, eləcə də işıqforların görünüşünə mane olan ağac və budaqların budanması işləri aparılıb.

Görülən işlər Mingəçevir Şəhər İcra Hakimiyyətinə bağlı Yaşıllaşdırma və Təmizlik xidməti ilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının iştirakı və koordinasiyası ilə həyata keçirilib. Tədbirlər nəticəsində şəhər yollarında hərəkətin təhlükəsizliyi və rahatlığı daha da artırılıb, sürücülər üçün yol nişanları və işıqforların görünməsi yaxşılaşdırılıb.
Şəhər sakinləri görülən işləri müsbət qiymətləndirərək bildiriblər ki, bu cür operativ tədbirlər həm mümkün yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına, həm də gündəlik hərəkətin daha təhlükəsiz və rahat təşkilinə xidmət edir.

Sakinlər göstərilən diqqət və həyata keçirilən tədbirlərə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova, həmçinin Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ədalət Əliyevin rəhbərliyi altında xidmət aparan polis əməkdaşlarına təşəkkürlərini ifadə ediblər.
Esmira Hidayətova, Mingəçevir
