Rusiyalı mütəxəssis Anna Cabakovanın sözlərinə görə, erkən qarpızlarda nitrat səviyyəsinin yüksək olma riski daha çoxdur.

O, “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, “kimyəvi maddələrlə doldurulmuş” erkən qarpızlar barədə yayılan fikirlər tamamilə əsassız deyil. Məhsulların bir hissəsi həqiqətən də gübrə və böyümə stimulyatorlarından aktiv istifadə olunaraq yetişdirilir. Bununla yanaşı, bu gün erkən qarpızlar istixana texnologiyaları, cənub bölgələrində becərilmə və idxal hesabına da bazara çıxarılır.

Mütəxəssis qeyd edib ki, mövsümün qızğın vaxtı ilə müqayisədə erkən qarpızlarda nitratın normadan artıq olması ehtimalı daha yüksəkdir. Ancaq nitrat özü birbaşa zəhər sayılmır, əsas problem normanın aşılmasıdır. Xüsusilə uşaqlar, hamilə qadınlar, mədə-bağırsaq və ürək-damar xəstəlikləri olan insanlar buna qarşı daha həssasdır.

Cabakovanın sözlərinə görə, praktikada ən böyük təhlükə nitrat yox, bakteriyalar və düzgün saxlanmama şəraitidir.

“Qarpız mikroorqanizmlər üçün ideal mühitdir. Əgər meyvə istidə saxlanılırsa, yol kənarında satılırsa və ya üzərində çat varsa, bağırsaq infeksiyası riski “kimyəvi zəhərlənmə” riskindən daha yüksək olur”, – deyə o xəbərdarlıq edib.

Mütəxəssis dilimlənmiş qarpızların satışını da təhlükəli hesab edib. O bildirib ki, yay istisində şirin və nəmli qarpız içində bakteriyalar çox sürətlə çoxalır. Xüsusilə qarpız çirkli bıçaqla kəsilibsə və soyuducuda saxlanmayıbsa, risk daha da artır.