Abşeronda – Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.
“Dünən qəbiristanlıq ərazisində tapılan körpənin “anacığı” tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən..
Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?” Çiyinlərini çəkdi.., – deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Kəmalə Ağazadə 2 yaşlı uşaq tapılması barədə məlumat yaymışdı.
***
Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
“Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın!
Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir..Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar..
Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu..
Onu güldürüb özümüz isə ağlamışıq..Adını Tale qoymuşuq..”, – deyə o, əlavə edib.

