Mingəçevir şəhərində fəaliyyət göstərən Mingəçevir Texniki Humanitar Liseyi tərəfindən təşkil olunan “Açıq qapı” günü geniş ictimaiyyətin iştirakı ilə baş tutub. Tədbirin əsas məqsədi liseyin tədris imkanlarını, əldə etdiyi nailiyyətləri və ümumi fəaliyyət istiqamətlərini valideynlərə və qonaqlara daha yaxından təqdim etmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissədən sonra “Açıq qapı” günü açıq elan olunub və qonaqlar liseyin müxtəlif istiqamətlər üzrə fəaliyyətləri ilə tanış olmağa dəvət ediliblər.

“Açıq qapı” günündə Bəxtiyar Mustafayev, Anar Eminov, Anar İsmayılov, şəhər üzrə təhsil sektorunun yeni təyin olunmuş rəhbəri Rüstəm Aslanov, şəhid ailələri və valideynlər iştirak ediblər. Qonaqlar liseyin fəaliyyəti ilə yaxından tanış olaraq müəllim və şagirdlərlə fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində liseyin maddi-texniki bazası, müasir tədris otaqları və laboratoriyalar nümayiş etdirilib. Şagirdlərin hazırladıqları elmi layihələr, təqdimatlar və yaradıcılıq nümunələri sərgilənərək onların bilik və bacarıqları diqqətə çatdırılıb. Xüsusilə texniki və humanitar fənlər üzrə əldə olunan nəticələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Lisey rəhbərliyi bildirib ki, belə tədbirlər təhsil müəssisəsi ilə ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Eyni zamanda, şagirdlərin motivasiyasını artırmaq və onların potensialını üzə çıxarmaq baxımından “Açıq qapı” günlərinin təşkili xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Mingəçevir Texniki Humanitar Liseyində keçirilən bu tədbir həm maarifləndirici, həm də ictimaiyyətlə açıq ünsiyyət baxımından uğurlu təşəbbüs kimi yadda qalıb.

Esmira Hidayətova, Mingəçevir