Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseydə tədrisin keyfiyyətinin artırılması və şagirdlərin elmi biliklərinin dərinləşdirilməsi məqsədilə “Ustad dərsləri” təşkil olunub.

Bu təşəbbüs çərçivəsində keçirilən növbəti dərs 8-ci sinif şagirdləri üçün biologiya fənnindən fotosintez mövzusuna həsr edilib.

Dərsin əsas məqsədi fotosintez prosesinin mahiyyətini şagirdlərə daha aydın şəkildə çatdırmaq, bu mürəkkəb bioloji prosesin həm daxili, həm də xarici amillərdən necə asılı olduğunu izah etmək olub. Müəllim tərəfindən təqdim olunan izahlar və praktik nümunələr şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onların analitik düşünmə bacarıqlarının inkişafına da töhfə verib.

Ustad dərsini aparan sinif müəllimi Gülnar Nəsibova fotosintezin əsas və əlavə məhsulları barədə ətraflı məlumat verib. O, mövzunu sadəcə nəzəri izahla məhdudlaşdırmayaraq, qrafiklər üzərində işləmə üsullarını da şagirdlərə tətbiq etdirib. Bu yanaşma şagirdlərin məlumatı daha yaxşı mənimsəməsinə və mövzunu praktik baxımdan dərk etməsinə şərait yaradıb.

Dərs müasir tədris metodları əsasında qurulub. İnteraktiv resurslardan, ağıllı lövhələrdən və müxtəlif vizual vasitələrdən istifadə olunması dərsin dinamik və maraqlı keçməsini təmin edib. Şagirdlər aktiv şəkildə prosesə cəlb olunaraq həm suallar verib, həm də müzakirələrdə iştirak ediblər.

Qeyd edək ki, bu cür “Ustad dərsləri” şagirdlərin dərsə marağının artırılması, onların elmi dünyagörüşünün genişləndirilməsi və müəllim-şagird əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Liseydə bu təşəbbüsün davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Esmira Hidayətova, Mingəçevir