Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya rəsmi səfər edib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın İtaliyadakı səfirliyini ziyarət edib.

Daha sonra general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Quido Krosetto ilə görüşüb.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər və perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

***

“Azərbaycanlı həmkarım general-polkovnik Zakir Həsənovla səmimi görüş keçirdik. Avrasiya regionunda Azərbaycanın rolu fundamentaldır və ölkə İtaliya üçün əsas həmsöhbət, həm də enerji sektorunda strateji tərəfdaşdır”.

Bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto öz “X” hesabında yazıb.

Nazir İran PUA-ları tərəfindən Azərbaycanın hücuma məruz qalmasını qəti şəkildə pislədiyini, eyni zamanda gərginliyin idarə olunmasında Bakının nümayiş etdirdiyi tarazlıq və məsuliyyət hissini yüksək qiymətləndirdiyini bildirib.

“Görüş zamanı ikitərəfli əməkdaşlığın möhkəmliyi və artan əhəmiyyəti bir daha təsdiqlənib. Bunun xüsusilə müdafiə sahəsində, həmçinin iki ölkə ordusu arasında təlim və birgə hərbi məşqlər, eləcə də müdafiə sənayesi sektorunda olduğu vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün əlavə müzakirələrin təşviq olunmasına dair razılıq da öz təsdiqini tapıb”, – nazir əlavə edib.