Mingəçevir yenə də təhsil uğurları ilə gündəmdədir. Tam 11 illik orta təhsil səviyyəsi üzrə martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri bir daha göstərdi ki, bu şəhərin yetişdirdiyi şagirdlər ölkə miqyasında söz deməyə qadirdir. Maksimal 300 bal toplayaraq ən yüksək nəticəni göstərənlər sırasında Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdi Məcidli Burlaxatun Bəhruz qızı xüsusi diqqət çəkir.

Burlaxatun bu uğuru təsadüfən qazanmayıb. O, məktəb illəri boyunca daim əlaçı olub, dərslərinə məsuliyyətlə yanaşıb və imtahana sistemli şəkildə hazırlaşıb. Hələ IX sinifdə oxuyarkən 297 bal toplayaraq şəhər üzrə ən yüksək nəticəni göstərməsi onun gələcək böyük uğurlarının ilk siqnalı idi. Bu dəfə isə o, nəticəsini daha da zirvəyə daşıyaraq maksimum 300 bal toplamağa nail oldu.

Onun sözlərinə görə, uğurun əsas sirri nizam-intizam, planlı hazırlıq və müəllimlərin düzgün istiqamətləndirməsidir. Liseydə yaradılan sağlam təhsil mühiti, rəqabət ruhu və müəllim-şagird münasibətlərinin yüksək səviyyədə qurulması bu nəticələrin əldə olunmasında mühüm rol oynayır.

Qeyd etmək lazımdır ki, Mingəçevir şəhər liseyi uzun illərdir test imtahanlarının nəticələrinə görə respublika üzrə ön sıralarda yer alır. Bu təhsil ocağında yalnız riyazi və elmi biliklər deyil, eyni zamanda şagirdlərin dünyagörüşü, estetik zövqü və yaradıcı düşüncəsi də inkişaf etdirilir. Xüsusilə incəsənət təhsili burada diqqətdən kənarda qalmır — şagirdlər musiqi, ədəbiyyat və digər yaradıcı sahələrdə də özlərini ifadə etmə imkanı qazanırlar.

Bəli, etiraf etmək lazımdır ki, təhsil sistemində, o cümlədən incəsənət sahəsində zaman-zaman müzakirələr, hətta bəzi xoşagəlməz hallar da gündəmə gəlir. Bəzi məktəblərdə qanunsuz və qeyri-obyektiv yanaşmalar barədə fikirlər səslənir. Lakin bütün bunlara baxmayaraq, belə nümunəvi şagirdlərin uğuru sübut edir ki, əsl zəhmət və istedad heç vaxt kölgədə qalmır. Əksinə, o, gec-tez öz layiqli qiymətini alır.

Bu gün Burlaxatun kimi gənclər Azərbaycanın təhsilinin ümid yeridir. Onlar yalnız yüksək bal toplamaqla kifayətlənmir, həm də gələcəkdə ölkənin intellektual potensialını formalaşdıracaq əsas qüvvəyə çevrilirlər.

Kiçik bir şeir:

Zəhmətin işığı sönməz heç zaman,

Əzminlə ucaldın sən öz adını.

Üç yüz bal — sadəcə rəqəm deyil ki,

Yazdın tarixə sən öz imzanı.

Mingəçevir səni qürurla anır,

Zirvələr sənindir, yolun açıqdır.

Elm ilə qurulan hər bir gələcək,

Sənin kimi gənclə daha parlaqdır.

Esmira Hidayətova, Mingəçevir