Sumqayıt teatrı Milli Qəhrəman Natiq Qasımov haqqında hazırlanmış tamaşası ilə mingəçevirlilərin qonağı olub.
Sumqayıt Dövlət Dram Teatrı bu gün Mingəçevir Dövlət Dram Teatrında yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə möhtəşəm tamaşa nümayiş etdirdilər.

Tamaşadan öncə Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin yaradıcılıq üzrə müavini, İttifaqın müvəqqəti sədri vəzifəsini müvəqqəti icra edən Hacı İsmayılov çıxış edərək tamaşa haqqında geniş məlumat verib. 44 günlük Vətən müharibəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı roldan bəhs edib, həmçinin teatrın yaradıcılıq yoluna dair qısa məlumat verib.
Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailə üzvləri, övladları Vətən müharibəsində şəhid olmuş analar, qazilər, Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov , Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, universitetin müəllim və tələbələri,Tibb və Turizm kollecləri, Asan Peşə,mətbuat nümayəndələri ,teatrşünas Anar Ərtoğrul Bürcəliyev, Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi, Azərbaycan Respublikasının əməkdar artisti, 3-cü dərəcəli “Əmək” ordenli professor, “Sənətkar” medalı laureatı Azad Şükürov,şəhər ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Daha sonra “Heç nə unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan “Ölməz” tamaşası nümayiş olunub. Səhnə əsərinin müəllifi yazıçı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edib.

Tamaşada Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı səhnə təcəssümünü tapıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması, Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq tamaşaçılara böyük təsir bağışlayıb.

Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. Lakin son anına qədər Azərbaycan bayrağını düşmənə təslim etməyib. Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Esmira Hidayətova,Mingəçevir
