Ötən il Yasamalda baş vermiş yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı, hazırda Türkiyədə müalicə olunan Ləman Qulamovanın son durumu açıqlanıb.
L.Qulamovanın nənəsi (Könül Vəlibəylinin anası) Mayquba Hümbətova “Yeni Sabah”a açıqlamasında deyib ki, Ləmanın vəziyyəti hazırda orta stabil kimi qiymətləndirilir.
Onun sözlərinə görə, Ləman daha əvvəl Bakıda yerləşən Yeni Klinikada müalicə alıb və məhz həkimlərin peşəkar səyi nəticəsində həyatda qalmağı bacarıb.
Mayquba Hümbətova qeyd edib ki, müalicənin davamı üçün Türkiyədə yerləşən Acıbadem Xəstəxanası seçilib. Bu seçimin əsas səbəbi isə Ləmanın əməliyyatı üçün tələb olunan xüsusi texnoloji avadanlığın Türkiyədə yalnız iki xəstəxanada mövcud olması və onlardan birinin də məhz bu tibb müəssisəsi olmasıdır. O, Türkiyəyə getdikdən sonra isə müalicə prosesinin uzunmüddətli olacağı və xəstəxana xərclərinin yüksəkliyi ilə üzləşdiklərini bildirib.
“Ləman artıq bir neçə əməliyyat keçirib və yaxın zamanda növbəti əməliyyatın aparılması planlaşdırılır. Mövcud şəraiti nəzərə alaraq geri dönüş imkanımız olmadı”, – Ləmanın nənəsi vurğulayıb.
O, həmçinin Acıbadem Xəstəxanasının tibbi heyətinə və Hakan Yıldıza göstərdikləri diqqət və qayğıya görə təşəkkür edib. Bildirilib ki, Yeni Klinikanın direktoru Barat Yusubov və həkim kollektivi də mütəmadi olaraq ailə ilə əlaqə saxlayır, Ləmanın vəziyyəti ilə yaxından maraqlanır və mənəvi dəstək göstərir.
Mayquba Hümbətovanın sözlərinə görə, xəstəxanada qalınan hər gün əlavə maliyyə yükü yaradır. Gözlənilməz şəxslər tərəfindən dəstək göstərilsə də, hazırda müalicə xərclərinin ödənilməsində ciddi çətinliklər mövcuddur. Bu səbəbdən ailə dəstək məqsədilə Heydər Əliyev Fonduna müraciət edib.
Ailə ümid edir ki, göstərilən səylər və edilən yardımlar sayəsində Ləman bu çətin mərhələni də geridə qoyaraq sağlamlığına qovuşacaq.
