Şəhərin ictimai, iqtisadi və mədəni həyatında səmərəli fəaliyyəti, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinə verdiyi töhfələrə görə, eləcə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Mingəçevir Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti və “Dram” dərnəyinin rəhbəri Ülviyyə Kərimova Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olunub.
Uzun illərdir ki, şəhərdə keçirilən ictimai və mədəni tədbirlərin yüksək səviyyədə təşkili, səhnə kompozisiyalarının hazırlanması, bədii hissənin qurulması, dramatik səhnəciklər və rəqs nömrələrinin peşəkar şəkildə təqdim olunmasında Ülviyyə Kərimovanın xüsusi rolu var. Onun səhnə düşüncəsi, estetik yanaşması və yaradıcılıq baxışı tədbirlərə fərqli bir ab-hava qatır, tamaşaçıların yaddaşında iz buraxır.


Qeyd edək ki, 2009-cu ildən etibarən Mingəçevir Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist və “Dram” dərnəyinin rəhbəri kimi fəaliyyət göstərən Ülviyyə Kərimova uşaqların vətənpərvər, yaradıcı, düşünən və fəal gənclər kimi formalaşmasına böyük əmək sərf edir. Onun pedaqoji fəaliyyəti təkcə dərs prosesi ilə məhdudlaşmır, eyni zamanda şagirdlərin şəxsiyyət kimi formalaşmasına, özünə inam qazanmasına və istedadlarının üzə çıxarılmasına xidmət edir.
Ülviyyə xanımın rəhbərliyi altında yetişən çoxsaylı şagirdlər bu gün müxtəlif peşə sahələrində uğurla fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər. Onun yetirmələri arasında teatr və musiqi sahəsində tanınan gənclər, təhsil və hərbi sahədə fərqlənən kadrlar var. Bu şagirdlərdən biri – Vətən uğrunda canını fəda etmiş şəhid İlkin Ağakişiyev Ülviyyə Kərimova üçün həm qürur mənbəyi, həm də unudulmaz bir xatirə olaraq qalır.
Pedaqoji fəaliyyətlə yanaşı, Ülviyyə Kərimova sənət sahəsində də fəallığı ilə seçilir. O, “Kür Nəğməsi” serialında Sədaqət, “Sara” serialında isə Səkinə obrazlarını uğurla canlandıraraq tamaşaçı rəğbəti qazanıb. Onun rəhbərlik etdiyi Dram dərnəyinin səhnələşdirdiyi “Qisas” tamaşası Mübariz İbrahimov adına teatr festivalında III yerə layiq görülüb.
Bununla yanaşı, Ülviyyə Kərimova respublika səviyyəsində keçirilən teatr, rejissor və şeir müsabiqələrində dəfələrlə uğur qazanaraq Mingəçevirin mədəni həyatına layiqli töhfələr verib. Onun fəaliyyəti gənclərlə iş sahəsində nümunəvi pedaqoji yolun bariz göstəricisi kimi dəyərləndirilir.
Şəhər İcra Hakimiyyəti tərəfindən verilən bu təltif Ülviyyə Kərimovanın uzun illər ərzində göstərdiyi fədakar əməyin, yaradıcılıq əzminin və ictimai fəallığının yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir