Mingəçevirdə Şəhid və Qazi Ailələri, Uşaq Nevrologiya Sanatoriyası və Dəstək Mərkəzi üçün Bayram Şənliyi keçirilib.

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi ailələri, Uşaq Nevrologiya Sanatoriyasında müalicə alan uşaqlar və Uşaq və Ailələrə Dəstək Mərkəzinin sakinləri üçün xüsusi bayram şənliyi keçirilib.

Sahil parkında yerləşən “Qədiroğlu” restoranında təşkil olunan tədbir balacalara unudulmaz anlar yaşadıb və onların bayram sevincinə sevinc qatıb. Şənlikdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər Polis Şöbəsinin rəisi, Polis Polkovniki Ədalət Əliyev, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid və qazi övladları, onların ailə üzvləri, Uşaq Nevrologiya Sanatoriyasının uşaqları, Uşaq və Ailələrə Dəstək Mərkəzinin sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.


Diqqət çəkən məqamlardan biri də Ədalət Əliyevin uşaqlarla səmimi ünsiyyəti olub. O, balacalarla birlikdə müxtəlif əyləncələrdə iştirak edib, onlarla xatirə şəkilləri çəkdirib və səmimi söhbətlər aparıb. Bu anlar tədbirin iştirakçıları tərəfindən xüsusi vurğulanıb.
Bayram şənliyi səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri ədəbi-bədii kompozisiya, mahnılar, şeirlər və rəqslər təqdim edərək tədbirə rəng qatıb.


Yeni ilin sevimli personajları — Şaxta Baba, Qar qızı və digər nağıl qəhrəmanları uşaqlarla birlikdə əylənərək onların sevincini artırıblar.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək balacalarla bir arada olmaqdan məmnunluğunu bildirib, şəhid və qazi övladlarını, Uşaq Nevrologiya Sanatoriyasının uşaqlarını və Uşaq və Ailələrə Dəstək Mərkəzinin sakinlərini bayram münasibətilə təbrik edib.


Tədbirin sonunda 115 şəhid və qazi övladına, Uşaq Nevrologiya Sanatoriyasının və Dəstək Mərkəzinin sakinlərinə Yeni il hədiyyələri təqdim olunub. Bayram şənliyi uşaqların sevinc dolu gülüşləri və xoş arzularla başa çatıb.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir