Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhərdə yerləşən Uşaq Nevroloji Sanatoriyasında müalicə alan körpələri ziyarət edib. Ziyarət Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş bayram tədbirləri planına uyğun olaraq həyata keçirilib.
Bayram abu-havasında keçən görüş zamanı icra başçısı sanatoriyada müalicə alan uşaqların səhhəti və onlara göstərilən tibbi xidmətlə maraqlanıb, müəssisənin kollektivi ilə söhbət edib. Cənab İlham İsmayılov körpələrə xüsusi diqqət və qayğı göstərərək onların bayram sevincinə şərik olub, uşaqlarla səmimi ünsiyyət qurub.
Ziyarət çərçivəsində körpələrə müxtəlif Yeni il hədiyyələri təqdim edilib. Uşaqlar hədiyyələri böyük sevinc və maraqla qarşılayıb, onların üzündə yaranan təbəssüm tədbirə xüsusi rəng qatıb. Tədbir zamanı uşaqlar üçün musiqi proqramı təşkil olunub, şən və eyni zamanda vətənpərvərlik ruhunu aşılayan musiqi nömrələri səsləndirilib.
Musiqi sədaları altında körpələr rəqs edib, maraqlı oyunlarda iştirak edərək bayram əhval-ruhiyyəsini doyunca yaşayıblar. Tədbir uşaqların yaddaşında xoş xatirə kimi qalmaqla yanaşı, onlara mənəvi dəstək və sevinc bəxş edib.
Sonda qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən sosial həssas qruplara, xüsusilə sağlamlıq problemi olan uşaqlara göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək. Bu cür tədbirlər uşaqların cəmiyyətə inteqrasiyası, onların psixoloji durumunun yaxşılaşdırılması və bayram sevincini hiss etmələri baxımından mühüm əhəmiyyət daşıyır.

Esmira Hudayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir