Mingəçevir şəhərində Heydər Əliyev prospekti üzərində bir neçə gün əvvəl böyük təmtəraqla istifadəyə verilən park bu gün acınacaqlı vəziyyətə düşüb.

Cəmiyyət üçün yaradılan, insanların istirahəti və asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulan bu məkan bəzi məsuliyyətsiz şəxslərin vəhşi davranışları nəticəsində faktiki olaraq talan edilib.

Əldə olunan məlumatlara görə, parkda yeni əkilmiş güllər kökündən çıxarılaraq oğurlanıb, dekorativ fiqurlar sındırılıb, uşaqlar üçün quraşdırılmış yelləncəklər isə yararsız hala salınıb. Qısa müddət ərzində bu qədər dağıntının baş verməsi isə açıq şəkildə göstərir ki, söhbət sadəcə məsuliyyətsizlikdən deyil, açıq vandalizmdən gedir.

Bu hadisə bir daha sübut edir ki, bəzi şəxslər üçün dövlətin və cəmiyyətin yaratdığı imkanların heç bir dəyəri yoxdur. İctimai əmlaka qarşı bu cür barbar münasibət nə insanlığa, nə də vətəndaşlıq anlayışına sığır. Parkların dağıdılması, yaşıllıqların məhv edilməsi təkcə maddi zərər deyil, eyni zamanda şəhərin simasına və insanların sosial rifahına vurulan zərbədir.

Məsələ ilə bağlı aidiyyəti qurumların dərhal hərəkətə keçməsi, bu vandalizm aktını törədən şəxslərin müəyyən edilərək ciddi şəkildə cəzalandırılması zəruridir. Əks halda, bu cür halların təkrarlanması qaçılmaz olacaq.

Cəmiyyət isə susmamalıdır — ictimai mülkiyyətin qorunması hər bir vətəndaşın borcudur. Bu gün parkı dağıdanlar sabah daha böyük fəsadlara yol aça bilər.

Xeberler.info