Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyevin qətiyyətli tapşırıqları və polis əməkdaşlarının şəhər əhalisi arasında apardıqları maarifləndirici və profilaktik söhbətlər nəticəsində Mingəçevir şəhərində pirotexniki vasitələrin satışı və istifadəsi demək olar ki, yox səviyyəsinə enib.
Polis əməkdaşları tərəfindən keçirilən bu maarifləndirici görüşlərdə pirotexniki vasitələrin xüsusilə azyaşlı uşaqlara, yaşlı insanlara, qadınlara və səhhətində problemlər olan vətəndaşlara mənfi təsiri geniş şəkildə izah olunub. Bildirilib ki, yüksək səs və ani partlayışlar bu həssas təbəqələr üçün ciddi psixoloji və sağlamlıq problemləri yarada bilər.
Məhz bu humanist və sosial yanaşma sayəsində şəhər sakinləri arasında anlayış və məsuliyyət daha da artıb. Vətəndaşlar polis əməkdaşlarının tövsiyələrini anlayışla qarşılayaraq pirotexniki vasitələrdən istifadədən könüllü şəkildə imtina ediblər.
Bu gün Mingəçevir şəhərində pirotexniki vasitələrin nə satışı, nə də istifadəsi kütləvi xarakter daşımır. Bu isə Mingəçevir Şəhər Polis Şöbəsinin səmərəli fəaliyyətinin, preventiv tədbirlərin və əhali ilə qurulan sağlam dialoqun bariz nümunəsidir.
Mingəçevir Şəhər Polis Şöbəsi bu addımı ilə bir daha sübut edir ki, Azərbaycan Polisi yalnız nəzarət edən deyil, eyni zamanda vətəndaşın təhlükəsizliyini, rahatlığını və sağlamlığını qoruyan bir qurumdur. Bu cür tədbirlər şəhərdə ictimai asayişin möhkəmləndirilməsinə və təhlükəsiz mühitin formalaşmasına mühüm töhfə verir.

Esmira Hidayətova, Mingəçevir 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir