ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof İsrailə bu həftə planlaşdırılan səfərin ləğv edilməsindən sonra Vaşinqtonla Tel-Əviv arasında fikir ayrılığı olduğu barədə yayılan məlumatları təkzib edib.
O bildirib ki, özü və Cared Kuşner böyük ehtimalla səfəri gələn həftə həyata keçirəcəklər.
Uitkof CNBC telekanalına müsahibəsində deyib ki, planlaşdırılan səfərin məqsədi fikir ayrılıqlarını aradan qaldırmaq yox, daha çox mövqelərin koordinasiyası və tərəflərin hansı mərhələdə olduqlarını dəqiqləşdirmək idi.
“Planlaşdırdığımız səfər fikir ayrılıqlarını yumşaltmaq üçün deyildi. Mənim fikrimcə, belə ciddi ayrılıqlar da yoxdur. Əsas məqsəd koordinasiya və onların hazırda hansı mərhələdə olduqlarını anlamaq idi”, – deyə o bildirib.
Uitkoff səfərin ləğv edilməsinin İsrailin ötən həftəsonu İranın neft obyektlərinə zərbələri ilə bağlı narahatlıqlarla əlaqəli olmadığını vurğulayıb. CNN-in məlumatına görə, ABŞ tərəfi İsrailin İranın bir neçə yanacaq anbarına zərbə endirmək planlarından xəbərdar idi, lakin administrasiyadakı bəzi rəsmilər hücumların miqyasından təəccübləniblər.
Uitkof qeyd edib ki, o və Kuşner böyük ehtimalla gələn həftə İsrailə səfər edəcəklər, lakin dəqiq tarix hələ müəyyənləşməyib. Onun sözlərinə görə, gələn həftə həmçinin ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli görüş də planlaşdırılır.
Xatırladaq ki, daha əvvəl Donald Trampın nümayəndələri olan Uitkof və Kuşnerin çərşənbə axşamı İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşəcəkləri bildirilmişdi.
